İspaniyanın “Tenerife” futbol komandasının hücumçusu Xesus de Migel 30 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bildirilir ki, noyabrın 2-də “Andorra” ilə keçirilən İspaniya ikinci liqasının oyununda ağır zədə alan futbolçu noyabrın 3-də dünyasını dəyişib.
Hadisə qarşılaşmanın son dəqiqələrində baş verib. Top uğrunda mübarizə zamanı “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşan De Migel yerə yıxılaraq huşunu itirib. Zərbədən sonra onun ürək və tənəffüs fəaliyyəti dayanıb.
Tibbi heyət dərhal meydana daxil olaraq futbolçuya reanimasiya tədbirləri tətbiq edib. İlkin müdaxilədən sonra ürək fəaliyyəti bərpa olunan hücumçu təcili tibbi yardım avtomobili ilə Nuestra Senyora de Kandelariya Universitet Xəstəxanasına çatdırılıb.
Həkimlər əvvəlcə futbolçunun vəziyyətini ağır, lakin stabil qiymətləndiriblər. Sonrakı saatlarda onun nevroloji vəziyyəti pisləşib və həyatını xilas etmək mümkün olmayıb.
“Tenerife” yaydığı açıqlamada futbolçunun ölümündən dərin sarsıntı keçirdiyini bildirib:
“Dərin kədər içindəyik. Boğazımız düyünlənib və baş verənlərə inanmaqda çətinlik çəkirik. Bu ağrını yüngülləşdirəcək təsəlli sözləri yoxdur. Xesusun ailəsinin, yaxınlarının və bu faciəyə yas tutan bütün “Tenerife” azarkeşlərinin yanındayıq”.
Hadisədən sonra “Tenerife” - “Andorra” qarşılaşması 2:2 hesabı ilə davam edərkən yarımçıq dayandırılıb. Toqquşmaya görə qapıçı Xesus Ovonoya qırmızı vərəqə göstərilib.
