Ronaldunun oğlu ilk dəfə Portuqaliyanın U-17 millisinə çağırıldı

3 Noyabr 2026 14:09
102
Ronaldunun oğlu ilk dəfə Portuqaliyanın U-17 millisinə çağırıldı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun böyük oğlu Kriştianu Ronaldu Junior ilk dəfə ölkəsinin 17 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun akademiyasında çıxış edən 16 yaşlı futbolçu baş məşqçi Filipe Ramosun açıqladığı 23 nəfərlik heyətə daxil edilib.

Gənc hücumçu 2027-ci il U-17 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Portuqaliya millisi noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq. Hər üç oyun Portuqaliya Futbol Federasiyasının Oeyraş şəhərində yerləşən bazasında keçiriləcək.

Ronaldu Junior daha əvvəl Portuqaliyanın U-15 və U-16 millilərində çıxış edib. O, U-15 yığmasında dörd oyunda iki, U-16 komandasında isə doqquz qarşılaşmada üç qol vurub.

Cari mövsümdə “Əl-Nəsr”in gənclər komandasında yeddi görüş keçirən Ronaldu Junior üç qol vurub.

Qeyd edək ki, Ronaldu Junior Portuqaliyanın U-15 və U-16 millilərinin heyətində müxtəlif beynəlxalq turnirlərdə qalib olub. İndi isə o, daha yuxarı yaş kateqoriyasında debüt etməyə hazırlaşır.

İdman.Biz