Autsayderdən çempiona - TƏHLİL - VİDEO

Təhlil
11 İyun 2024 10:41
721
Autsayderdən çempiona - TƏHLİL - VİDEO

Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi Fabiyan Buntiç peşəkar karyerasında 3-cü klubunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, Almaniya vətəndaşı olan 27 yaşlı xorvat bunadək yalnız iki klubda forma geyinib.

Ştutqartdan olan gənc
Almaniyanın Ştutqart şəhərində anadan olan Fabiyan futboldakı ilk addımlarını da burada atıb. Şəhərin aşağı səviyyəli klubları “Vaihingen” və “Ştutqarter Kikkers”də çıxış edən yeniyetmə artıq 15 yaşında diqqəti cəlb edib. Nəticədə şəhərin ən köklü klubu olan “Ştutqart” onu heyətinə cəlb edib. Buntiç burada 4 il keçirsə də, əsas komandaya qədər yüksələ bilməyib.

Millidən dəvət
“Ştutqart”ın aşağı yaş qrupları üzrə komandasında xorvat qapıçının peyda olması Balkan ölkəsində də diqqətdən yayınmayıb. Fabian Xorvatiya millisinə dəvət alıb. O, öncə U-18, ardınca U-19-da çıxış edib. Amma dünya futboluna onlarla, yüzlərlə istedad bəxş edən ölkənin daha yuxarı yığmalarına – U-21 və əsas milliyə yüksəlmək onun üçün mümkünsüz olub. Yığmalarda 13 matça çıxan Buntiç U-19-lar arasında AVRO-2016-nın seçmə oyununda qapısını toxunulmaz saxlayıb.

Perspektiv axtarışında
“Ştutqart”da perspektiv görməyən və heyətə düşə bilməyəcəyini dərk edən xorvat aşağı liqa klubu “İnqolştadt”a keçib. Üç il Regionalliqada çıxış edən ikinci komandada forma geyinən qolkiper 2018-ci ilin dekabrında 21 yaşında peşəkar səviyyədə debüt şansı qazanıb. 2-ci Bundesliqada 22 oyunda 42, 3-cü Liqada 73 matçda 78 top buraxan Fabiyan 2021-ci ilin fevralında Köln “Viktoriya”sına qol da vurub. O, uzatma dəqiqələrində komandasına 2:1 hesablı qələbə qazandıran topun müəllifi olub. 2021/22 mövsümündə “İnqolştadt” 2-ci Bundesliqada sonuncu yeri tutub və aşağı dəstəyə yuvarlanıb.

Batan gəmini tez tərk etdi
İlk peşəkar klubu “İnqolştadt” öz liqasını tərk edən kimi Buntiç də komandayla vidalaşıb. 6 il əvvəl “Ştutqart”dan azad agent kimi gələn qolkiper yenə eyni statusla klubunu dəyişib. O, Almaniyadan kənarda legioner həyatı yaşamaq üçün Portuqaliyaya üz tutub. Öz komandası ilə 3-cü liqaya yuvarlanan Buntiç 2022-ci ilin yayında yüksək dəstə təmsilçisi “Vizela”nın futbolçusuna çevrilib.

Pireneydə debüt
Daim aşağı liqalarda oynamasına baxmayaraq Fabiyanın daha yüksək səviyyəyə uyğunlaşması çətin olmayıb. “Vizela”da dərhal “1 nömrə”yə çevrilən çempionatın 34 turundan 33-də əvəzolunmadan meydanda yer alıb. O, 37 top buraxıb. Ortabab imici qazanan komandası 11-ci yeri tutub.

Yenə zirzəmi
Portuqaliyadakı ikinci il Fabiyan üçün yaxşı alınmayıb. Qolkiper 34 turdan 28-də şans qazanıb. O, çempionatda 59 qol buraxıb ki, bu da Buntiçin karyerasında ən uğursuz mövsüm olub. Qapıçı kimi komandası da uğursuzluğa düçar olub. Turnir cədvəlinin zirzəmisində qərarlaşan komanda 18 klub arasında 17-ci olub. Bununla da Buntiç iki ildən sonra yenə komandası ilə birlikdə aşağı dəstəyə yuvarlanıb. Almaniyada 2-ci Bundesliqadan 3-cü liqaya düşən qapıçı Portuqaliyada Primeyranı tərk edib. Karyerası ərzində yüksək dəstədə 61 matçda 96 qol buraxan qapıçı indi özü üçün yeni mərhələyə qədəm qoyur. Autsayderlərin qolkiperi artıq öz ölkəsinin hegemonunun formasını geyinəcək. Son üç mövsümdə 2 dəfə aşağı dəstəyə düşən qapıçı 11 ildə 10 çempionluq yaşayan komandanın ümidlərini doğrultmalıdır. Fabiyan həm də avrokuboklarda debütünü bu yay gerçəkləşdirəcək.

Qeyd edək ki, Buntiç “Qarabağ”la 3 illik müqavilə imzalayıb.

İdman.biz

Məqalədə: