“İstədiyimiz kimi hazırlıq keçə bilirik. Komandamız tam heyətlə Azərbaycanla görüşə hazırlaşmaq imkanı qazanıb”.
İdman.biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin məşqçisi Tibor Qoljan deyib.
Baş məşqçinin köməkçisi Azərbaycan yığması ilə bu gün keçiriləcək yoldaşlıq görüşü barəsində fikirlərini bildirib: "Yalnız Dominik Veselovskinin kiçik əzələ problemi var. Onun fərdi hazırlıq keçməsi ilə bağlı qərara gəldik. Biz onu Moldova ilə ikinci oyuna hazırlamaq istəyirik. Ondan başqa bütün futbolçuların səhhəti yaxşıdır. Azərbaycanla matçda məqsədimiz həm yaxşı oyun göstərmək, həm də nəticə qazanmaqdır. Yoldaşlıq görüşləri olsa da, həm Azərbaycan, həm Moldova ilə oyunda mütləq qələbə qazanmaq istəyirik”.
Mütəxəssis bildirib ki, əsasən hücumda oynayacaqları matçda müdafiədə də diqqətli olacaqlar: “Hazırlıq prosesində diqqətimizi daha çox hücuma yönəltmişik. Bu, martda Maltaya qarşı keçirdiyimiz matça bənzəyir. Azərbaycan 5-4-1 sistemi ilə oynayır. Əlbəttə ki, başqa variantı da sınaya bilərlər. Amma biz onların dərin müdafiədən oynayacaqlarını gözləyirik. Buna görə də tez və düzgün oynamalı, boşluqlardan istifadə etməliyik. Biz də topu itirəndən sonra müdafiəyə keçməkdə diqqətli olmalıyıq. Azərbaycanlıların da keyfiyyətli və texnikalı futbolçuları var”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu Bratislavada keçiriləcək.
İdman.biz