Azərbaycanda mükafatçı komanda dağılır

Xəbərlər
29 Aprel 2024 17:03
344
Azərbaycanda mükafatçı komanda dağılır

Azərbaycan çempionatında cari mövsümün mükafatçılarından biri dağılmaq təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, Əvəzedicilər liqasında liderlərdən biri olan “Qəbələ-2” növbəti mövsümdə olmayacaq.

Buna səbəb “Qəbələ”nin Premyer Liqada sonuncu yeri tutmasıdır. Klub reqlamentə uyğun şəkildə aşağı dəstəyə yuvarlansa, “Qəbələ-2” də dağılacaq.

Çünki I Liqa klublarının əvəzediciləri heç bir yarışda oynamır. “Qəbələ-2” isə hazırda 2-ci pillədə qərarlaşıb və “Neftçi-2” ilə çempionluq mübarizəsi aparır. Hər iki komanda “üçlük”də yerini, yəni mükafatlardan birini təmin edib.

Famil Xəlilovun yetirmələrinin taleyi qaranlıq görünür. Komandanın bəzi üzvləri əsas komanda ilə I Liqada oynaya biləcəksə, digərləri müxtəlif klublara dağılışacaq. Hətta bəzilərinin futboldan getməsi də mümkündür.

Düzdür, gənc istedadların kütləvi şəkildə icarələrə paylanılması variantı da var. Amma belə olduqda onların oyun praktikası, inkişafının necə olacağı sual doğurur.

Bəlkə də I Liqa klublarına B komandalarını yaratmaq və II Liqaya buraxmağa icazə verilsə, “Qəbələ-2”ni yeni turnirdə və yeni simada görmək olar. Amma bunun üçün həm klub rəhbərliyi, həm PFL rəhbərliyi maraqlı olmalıdır.

Qeyd edək ki, “Qəbələ-2” 32 oyundan sonra 75 xal toplayıb. “Neftçi-2”nin 77 xalı var.

İdman.biz

Məqalədə: