Zamiq Əliyevin legioner karyerası təhlükə altındadır

4 İyul 2026 10:19
90
Zamiq Əliyevin legioner karyerası təhlükə altındadır

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin karyerası təhlükə altındadır.

İki mövsümdür Albaniyanın “Eqnatiya” klubunun şərəfini qoruyan müdafiəçi mövsüm başa çatdıqdan sonra vətənə qayıtsa da, hazırda bəzi səbəblərdən Azərbaycandan kənara çıxa bilmir.

Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə oyunçunun ölkədən çıxışına qadağa qoyulmasıdır. İyunun 8-də Zamiq Əliyev komandasının yay toplanışına yollanmaq istəsə də, hava limanından geri qaytarılıb. Yaşadığı problemlərlə bağlı gənc futbolçu açıqlama verib.

“SHXÇDX heç cür işimə yanaşmır. Deyirlər ki, əsgərliyə getməlidir. Qadağa aradan qaldırılmır, kluba qoşula bilmirəm. 2 ildir Albaniya klubundayam, 3 kubok qazanmışam. Çempionlar Liqasında, Konfrans Liqasında oyunlara çıxmışam. Nə AFFA-nın, nə də nazirliyin məktubunu qəbul edirlər. Deyirlər ki, əsgərliyə getməlidir. Əvvəl belə problem olduğunu bilmirdim. Artıq cərimə olunmuşam, müqaviləyə xitam veriləcək”, - deyə o offsideplus.az-a söyləyib.

İdman.Biz