“Qızıl buts” uğrunda mübarizədə Messiya kim çatacaq? - İDMAN.BİZ-in İCMALI

4 İyul 2026 11:00
103
“Qızıl buts” uğrunda mübarizədə Messiya kim çatacaq? - İDMAN.BİZ-in İCMALI

Dünya çempionatı-2026-nın başa çatmasına cəmi dörd mərhələ qalıb. Bombardirlər yarışında isə intriqa getdikcə artır. 1/16 final mərhələsinin ardından Lionel Messi artıq yeddi qolla siyahıya təkbaşına başçılıq edir. Onun ən yaxın izləyicisi Kilian Mbappe altı dəfə fərqlənib, daha sonra isə dünya futbolunun bir sıra ulduzları qərarlaşıb.

İdman.Biz xəbər verir ki, builki “Qızıl buts” yarışı son illərin ən maraqlı mübarizələrindən birinə çevrilmək üzrədir. Ən önəmli məqam isə odur ki, liderlər sırasında yer alan futbolçuların böyük əksəriyyəti hələ də turnirdə çıxışını davam etdirir.

Hazırda əsas favorit Messi hesab olunur. Argentina millisinin kapitanı demək olar ki, hər oyunda fərqlənir və artıq dünya çempionatlarının bir sıra rekordlarını yeniləyib. Qarşıda isə onu əvvəlcə Misirlə, uğur qazanacağı halda isə İsveçrə və ya Kolumbiya ilə qarşılaşma gözləyir.

Messinin əsas rəqibi Mbappedir. Fransa millisinin hücumçusu altı qolla liderdən cəmi bir top geri qalır və Paraqvayla görüşdə bu fərqi aradan qaldırmaq şansına malikdir. Fransa növbəti mərhələyə yüksəlsə, onun qol hesabını artırmaq üçün əlavə imkanları olacaq.

Mübarizədən Harri KeynErlinq Holand da kənarda deyil. Hər iki futbolçunun aktivində beş qol var. İngiltərə lideri Meksikaya, Norveçin bombardiri isə Braziliyaya qarşı meydana çıxacaq. Qələbə həm komandalarını yarışda saxlayacaq, həm də onları "Qızıl buts"a daha da yaxınlaşdıracaq.

Liderlərin bir addım arxasında dörd qolu olan Vinisius Junior, Usman Dembele, Mikel Oyarzabal və İsmaila Sarr qərarlaşıb. Xüsusilə Fransa millisinin eyni vaxtda iki əsas namizədə sahib olması diqqət çəkir.

Favorit komandaların hücum potensialı da maraqlı mənzərə yaradır. Braziliyada üç futbolçu ən azı üç qol vurub, Fransa bir neçə məhsuldar oyunçuya sahibdir, Argentinada isə əsas yük yenə Messinin üzərinə düşür.

Ən yaxşı bombardirlər sırasında Kriştianu Ronaldonun da yer alması diqqətdən yayınmır. Portuqaliyalı ulduzun hesabında üç qol var və o da daha yuxarı pillələrə yüksələ bilər. Lakin bunun üçün əvvəlcə Portuqaliya İspaniya səddini keçməlidir.

Hazırda “Qızıl buts”a ən yaxın futbolçu Messi olsa da, dünya çempionatlarının tarixi göstərir ki, pley-off mərhələsində cəmi bir uğurlu oyun bütün mənzərəni dəyişə bilər. Ola bilsin ki, bombardirlər yarışının taleyi məhz 1/8 finalda tamamilə fərqli istiqamət alsın.

İdman.Biz