Ceyhun Sultanov: “Yeni rəhbərlik futbolumuza sponsorlar cəlb etmək gücündədir” - VİDEO

Müsahibə
3 Aprel 2024 17:23
379
Ceyhun Sultanov: “Yeni rəhbərlik futbolumuza sponsorlar cəlb etmək gücündədir” - VİDEO

“Yeni AFFA rəhbərliyinin hansı yolu götürdüyünü biz bilmirik”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, Azərbaycan çempionatında çıxış edən klublara sponsor marağının az olduğunu vurğulayıb. Sultanovun sözlərinə görə, yeni rəhbərlik bu problem aradan qaldıra bilər: “Bəlkə də bütün sponsorlar klubları götürmək üçün hazırdır. İyul ayını gözləyirlər. İndidən nəsə deyə bilmərəm. Bu gün hər bir insan öz şəxsi əlaqələri ilə sponsor tapa bilər. Buna Rövşən Nəcəfin gücü var. Məncə, bu futbolun inkişafında atıla biləcək an yaxşı addımlardan biri olacaq. İnanıram ki, yeni rəhbərlik futbolumuza sponsorlar cəlb etmək gücündədir”.

Sultanov futbolumuzun əsas problem olan azarkeş azlığından çıxış yollarını da göstərib: “Azarkeş marağını rayonlarda artırmaq olar. Bunu Bakıda etmək çox çətindir. Çünki komandaların heyətində Ronaldo yoxdur ki, ona görə gəlsinlər. Orta səviyyəli komandalardır. Ən köklü klubumuz “Neftçi”dir, hətta onun matçına belə getmirlər. Azarkeşləri yığmaq üçün bir proqram lazımdır. Onun əsasında işləmək lazımdır. 1980-83-cü illərdə “Neftçi” oynayanda meydançaya 3 avtomobil gətirirdilər, lotereya oynanılırdı və azarkeşlər matç bitəndən sonra gözləyirdilər ki, bəlkə avtomobil udarıq. Hazırda bəzi klublarda “Fan Zona”lar var. Amma bu, yetərli deyil. Bu gün mental olaraq hamımız bir işə gedəndə qazanc gözləyirik”.

Qeyd edək ki, AFFA-nın prezidenti postunda Rövşən Nəcəf Rövnəq Abdullayevi əvəzləyib.

Emin Ağa
İdman.biz