“Barselona”nın futbolçusu Alexandro Balde karyerasını Fransa çempionatında davam etdirə bilər.
İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya PSJ maraq göstərir. Paris klubu artıq transferin hansı şərtlərlə baş tuta biləcəyini araşdırmağa başlayıb.
Məlumata görə, PSJ-nin baş məşqçisi Luis Enrike Baldenin keyfiyyətlərini yüksək qiymətləndirir. İspaniyalı mütəxəssis hesab edir ki, müdafiəçinin sürəti, hücuma qoşulmaq və hücumda enliyi təmin etmək bacarığı Paris klubunun işinə yaraya bilər.
Balde “Barselona”da son vaxtlar əvəzolunmaz oyunçu statusunu itirib. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik onun mövqeyində digər variantları nəzərdən keçirməyə hazırdır, rəhbərlik isə futbolçu ilə yolları ayırmağı istisna etmir.
Ehtimal olunan variantlardan biri Baldenin daha sonra yüksək məbləğlə satınalma opsiyası ilə icarəyə verilməsidir.
