Messinin anası oğlunun Argentina millisindəki varisini seçdi

18 Noyabr 2026 23:39
62
Messinin anası oğlunun Argentina millisindəki varisini seçdi

Argentina millisinin sabiq kapitanı Lionel Messinin anası Seliya Mariya Kuççittini oğlunun milli komandadakı varisi kimi “Komo”nun yarımmüdafiəçisi Niko Pası gördüyünü bildirib.

İdman.Biz xəbər verir ki, bu barədə futbolçunun əmisi Fabian Pas “Radio La Red”ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, hadisə Messinin Argentina millisində vida oyunu keçirdiyi gün baş verib.

“Messinin vida oyunundan sonra Niko paltardəyişmə otağından çıxanda onun ağlayan anasını görüb. Niko yaxınlaşıb salamlaşmaq istəyib. Seliya onun əlindən tutaraq 'Sən mənim oğlumun varisisən' deyib. Mən Nikonu maşında gözləyirdim. Gələndə eşitdiklərindən şoka düşmüşdü, buna inana bilmirdi. Bu sözlər onu çox duyğulandırmışdı”, - deyə Fabian Pas bildirib.

O əlavə edib ki, Niko özünü Messinin varisi hesab etmir:

“Niko çox sakit və sadə insandır. Onun ağlında Messinin yerini tutmaq fikri yoxdur. Messi ilə tanış olmaq və onunla birlikdə oynamaq Niko üçün artıq ən böyük arzunun gerçəkləşməsi idi”.

Qeyd edək ki, 22 yaşlı Niko Pas noyabrın 17-də Argentina millisinin Kosta-Rikanı 7:0 hesabı ilə məğlub etdiyi yoldaşlıq görüşündə iki qol vurub.

İdman.Biz