Rüdiger “Real Madrid”in sabiq məşqçilərindən danışdı: “Alonso qovulan gün ona mesaj yazdım”

18 Noyabr 2026 22:47
41
Rüdiger “Real Madrid”in sabiq məşqçilərindən danışdı: “Alonso qovulan gün ona mesaj yazdım”

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger komandanın sabiq baş məşqçiləri Karlo Ançelotti, Xabi Alonso və Alvaro Arbeloa haqqında fikirlərini bölüşüb.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, almaniyalı futbolçu əvvəlcə Ançelottinin komandadakı rolunu yüksək qiymətləndirib.

“Karlo futbol dünyasının əsl centlmenidir. O, hamımız üçün ata fiquru idi. Ona böyük hörmət bəsləyirdik və birlikdə ciddi uğurlar qazandıq”.

Rüdiger Xabi Alonsonun istefasından sonra onunla əlaqə saxladığını da açıqlayıb:

“Xabi Alonso istefaya göndərilən gün ona mesaj yazaraq uğurlar arzuladım. O vaxtdan bəri danışmamışıq. O, futbola aydın baxışı olan gənc məşqçidir və çox tələbkardır. Bu isə yaxşı xüsusiyyətdir. Noyabra qədər möhtəşəm oynayırdıq. Təəssüf ki, vacib matçlarda bəlkə də layiq olduğumuz nəticələri əldə edə bilmədik”.

Müdafiəçi Alonsonun Almaniyadakı fəaliyyətini də xatırladıb:

“Onun nəyə qadir olduğunu ‘Bayer’də gördük. Həmin komandanın oyununu izləmək çox maraqlı idi. İndi o, yaxşı layihəsi olan böyük klubda - ‘Çelsi’də çalışır. Ona uğurlar arzulayıram”.

Rüdiger Alvaro Arbeloanın “Real Madrid”də çətin şəraitdə fəaliyyətə başladığını bildirib:

“Arbeloa asan olmayan vəziyyətdə komandaya rəhbərlik etməyə başladı. Buna baxmayaraq, aprelə qədər mübarizəni davam etdirdik. ‘Malyorka’ və ‘Bavariya’ya məğlubiyyətlər ağır zərbə oldu. Həmin vaxt mövsüm bizim üçün faktiki başa çatmışdı. Amma martda ‘Atletiko’ və ‘Mançester Siti’ ilə oyunlarda ümid işığı yaranmışdı”.

Almaniyalı futbolçu Arbeloanın ona göstərdiyi etimadı xüsusi vurğulayıb:

“Arbeloa ilə münasibətlərim çox yaxşı idi. Ötən il zədələr səbəbindən mənim üçün çətin keçdi, amma o, mənə inanırdı. Təkbətək söhbətimizdə fevrala qədər hazır olacağıma söz verdim. O da mənə güvəndi və ehtiyac duyduğum inamı qazandırdı”.

Rüdiger hazırda “Fulhem”i çalışdıran Arbeloaya uğurlar arzulayıb və komandanın son vaxtlar daha yaxşı nəticələr göstərdiyini qeyd edib.

İdman.Biz