Jorje Jezuş Ronaldunu xatırlatdı, Portuqaliya millisinin gələcəyindən danışdı

18 Noyabr 2026 23:24
34
Jorje Jezuş Ronaldunu xatırlatdı, Portuqaliya millisinin gələcəyindən danışdı

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş UEFA Millətlər Liqasında Uels üzərində 3:2 hesablı qələbədən sonra komandasının gələcəyi, gənc futbolçuların çıxışı və Kriştianu Ronaldunun yığmadakı nüfuzu barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis Qonsalu Ramuşun son oyunlardakı çıxışı ilə bağlı tənqidlərə cavab verərək futbolçuların statusunun heyət seçimindəki əhəmiyyətini izah edib.

“Qonsalu Ramuşun özünü yaxşı göstərmədiyini düşünürsünüz? Bunu müzakirə etmək olar. Amma son altı oyuna nəzər salsaq, belə olmadığını görərik. Onun çox yaxşı çıxış etdiyi bir neçə qarşılaşma olub. Mənim üçün status sadəcə ad deyil. Kriştianu Ronaldu kimi futbolçuların statusu isə adi çərçivələrdən kənardadır. Özüm də futbolçu olmuşam və illərlə belə mövqe qazanan oyunçulara böyük hörmətlə yanaşıram. Brunu Fernandeş, Bernardo Silva və Ruben Diaş da belələrindəndir”, - deyə Jezuş bildirib.

Portuqaliyalı mütəxəssis Uelslə görüşdə gənc futbolçulara şans verməsinin səbəblərini də açıqlayıb.

“21 yaşadək futbolçulardan ibarət millidən beş oyunçu dəvət etmişdik. Kenda əsasən nəticəni qorumaq üçün meydana çıxdı. Həmin anda Kanselunun müdafiədə daha az çətinlik çəkməsini istəyirdik, çünki artıq yorulmuşdu. Brunu Fernandeşi də eyni məqsədlə əvəzlədim. Fikrimcə, o, həm fərdi, həm də komanda baxımından əla oyun keçirdi”.

Jezuş Karlos Forbsun milli komandada ilk qolunu vurmasına da münasibət bildirib:

“Vaxtımız az idi. Onun milli komandada ilk oyununu keçirib-keçirmədiyini düşünmürdüm. Əsas məsələ futbolçunun keyfiyyətləri və oyunun tələbləri idi. Son dəqiqələrdə komandaya kömək etmək və 3:2 hesabını qorumaq üçün uyğun seçim olduğunu düşündüm”.

Baş məşqçi Portuqaliya millisinin gələcəyinə nikbin yanaşdığını vurğulayıb:

“Əlbəttə, çoxlu gənc futbolçumuz var. Onlara inanıram, baxmayaraq ki, hələ yenicə birlikdə işləməyə başlamışıq. Düşünürəm ki, Kenda “Çelsi”də kifayət qədər oynamayıb və bu, onun çıxışına təsir göstərir”.

Jezuş Səudiyyə Ərəbistanı çempionatında çıxış edən futbolçuların fiziki hazırlığına da toxunub. Onun sözlərinə görə, çempionatda iki həftəlik fasilə oyunçuların ritminə mənfi təsir göstərib.

“Bunu Danimarka ilə ilk oyunda hiss etdim və eyni səhvi təkrarlamaq istəmirdim. Bununla belə, Trinkauya şans verdim. Pis oynamadı, amma iki həftəlik fasilədən sonra oyun ritminin çatışmadığı görünürdü”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, Portuqaliya Uelsi 3:2 hesabı ilə məğlub edərək UEFA Millətlər Liqasının A Liqasının dördüncü qrupunu 15 xalla birinci pillədə tamamlayıb.

İdman.Biz