Mudrik dopinq qalmaqalına görə Ukrayna Futbol Assosiasiyasını ittiham etdi

19 Noyabr 2026 01:08
59
Mudrik dopinq qalmaqalına görə Ukrayna Futbol Assosiasiyasını ittiham etdi

“Çelsi”dən icarə əsasında “Tottenhem”də çıxış edən Mixail Mudrik dopinq qalmaqalı ilə bağlı Ukrayna Futbol Assosiasiyasını (UAF) ittiham edib.

İdman.Biz xəbər verir ki, ukraynalı futbolçu jurnalist Dmitri Qordona müsahibəsində qadağan olunmuş meldonium maddəsinin orqanizminə milli komandanın düşərgəsində daxil ola biləcəyini söyləyib.

“Meldonium haqqında əvvəllər heç nə eşitməmişdim. Bu maddənin mövcudluğunu yalnız dopinq testimin nəticəsi açıqlananda öyrəndim. Həmin dövrdə Ukraynaya yalnız milli komandanın düşərgəsinə gəlirdim. Ona görə də maddənin orqanizmimə burada daxil ola biləcəyini düşünürəm”, - deyə Mudrik bildirib.

Futbolçu milli komandada təhlükəsizlik və nəzarət sisteminin təşkilini də tənqid edib.

“Ukrayna millisində belə halların necə baş verə biləcəyi ilə bağlı çoxsaylı ehtimallar var. Milli komandada klublarda olduğu səviyyədə təhlükəsizlik sistemi yoxdur. Bizdə qidalanma üzrə mütəxəssis var. O, təxminən iki gündən bir hər futbolçuya içərisində həblər olan stəkan verir və hamı onları qəbul etməlidir”.

Mudrikdən dopinq qalmaqalına görə Ukrayna millisindəki təşkilati prosesləri günahlandırıb-günahlandırmadığı da soruşulub. Futbolçu bu suala müsbət cavab verib.

O, Ukrayna Futbol Assosiasiyasının çətin dövrdə ona lazımi dəstəyi göstərmədiyini də iddia edib:

“Düzünü desəm, onlar kömək edirmiş kimi davranırdılar. Əslində isə kömək yox idi. Bizə dəstək olmaqdan daha çox problem yaradırdılar. Köməyə ən çox ehtiyacımız olduğu vaxtda bizdən üz döndərdilər”.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq testində meldonium aşkarlanıb. Ukraynalı futbolçu uzunmüddətli diskvalifikasiyadan sonra 2026-cı ildə meydana qayıdıb və yayda “Çelsi”dən “Tottenhem”ə icarəyə verilib.

İdman.Biz