“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan ciddi problemlərdən sonra yenidən komandasının sükanı arxasına qayıdır.
İdman.Biz “Abendzeitung” nəşrinə istinadən xəbər verir ki, Münhen klubunun baş direktoru Yan-Kristian Drizen belçikalı mütəxəssisin noyabrın 20-də “Köln”lə keçiriləcək Bundesliqa matçında məşqçi skamyasında olacağını təsdiqləyib.
“Bəli, Vensanın əhvali-ruhiyyəsi kifayət qədər yaxşıdır. Bu gün onunla görüşdüm. Beyin qişalarının qıcıqlanması tam aradan qalxıb. O, artıq çiynindən də əməliyyat olunub”, - deyə klub rəhbəri bildirib.
Xatırladaq ki, 40 yaşlı mütəxəssis oktyabrın 23-də “Bavariya”nın ikinci komandasının məşqini izləyərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həkimlər onda beyin qişalarının qıcıqlanması diaqnozunu müəyyənləşdiriblər. Kompani həmin hadisə zamanı çiynini də çıxarıb.
Altı gün xəstəxanada qalan baş məşqçi noyabrın 16-da ilk dəfə komandanın məşqini idarə edib.
Onun yoxluğunda “Bavariya”ya köməkçi məşqçi Aaron Denks rəhbərlik edib. Münhen təmsilçisi bu müddətdə dörd qələbə qazanıb və bir dəfə heç-heçə edib.
Qeyd edək ki, “Bavariya” - “Köln” qarşılaşması noyabrın 20-də keçiriləcək.
