“Mançester Yunayted”in sabiq futbolçusu Kleberson Kriştianu Ronaldu ilə bağlı maraqlı xatirəsini bölüşüb.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu “Sovetski Sport”a müsahibəsində portuqaliyalı ulduzla paltardəyişmə otağında necə zarafatlaşdıqlarını danışıb.
Klebersonun sözlərinə görə, Ronaldu bir gün Luiş Fiqudan daha yaxşı olacağını deyib:
“Bu, məzəli bir əhvalatdır. Biz paltardəyişmə otağında Djemba-Djemba, Rio Ferdinand və digərləri ilə yanaşı əyləşmişdik. Kriştianu Ronaldu, Ronaldinyo və digər ulduzlar haqqında mühakimə yürütməyə başladı. Və birdən dedi: “Bir gün mən Fiqudan daha yaxşı olacağam!”
Biz onunla zarafatlaşmağa başladıq: “Kriştianu, bəsdir, sadəcə zarafat edirsən! Sən heç vaxt Fiqudan yaxşı ola bilməyəcəksən!” Lakin o, bunu bacardı! Ronaldu möhtəşəm bir karyera qurdu.
Amma müxtəlif dövrlərin oyunçularını müqayisə etmək mənim üçün çətindir. Mən Dieqo Maradonanın oyunu ilə böyümüşəm, sonra Lionel Messini gördüm. Fiqu öz dövründə Portuqaliyanın görkəmli oyunçusu idi, sonra isə Kriştianu, Quaresma, Nani gəldi. İdmanda həmişə yeni kimlərsə gəlir”.
Kleberson və Ronaldu 2003-2005-ci illərdə “Mançester Yunayted”də komanda yoldaşı olublar.
