PSJ ciddi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilən Xviça Kvaratsxeliyanı komandada saxlamaq istəyir.
İdman.Biz xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Paris təmsilçisi 25 yaşlı cinah oyunçusu ilə yeni müqavilə üzrə razılığa gəlməyə yaxındır.
Tərəflər arasında müzakirə olunan sözləşmənin 2031-ci ilin yayına qədər qüvvədə olması nəzərdə tutulur. Müqaviləyə müddətin daha bir il - 2032-ci ilə qədər uzadılması imkanının da daxil edilməsi gözlənilir.
Klub rəhbərliyi futbolçunun məvacibini əhəmiyyətli dərəcədə artırmağı da planlaşdırır.
Diqqətçəkən məqam odur ki, PSJ bu addımı Kvaratsxeliyanın ciddi zədə aldığı dövrdə atmağa hazırlaşır. Gürcüstanlı futbolçu oktyabrın 20-də “Barselona” ilə Çempionlar Liqası matçında dizinin çarpaz bağlarından zədələnib və mövsümün qalan hissəsini buraxa bilər.
Kvaratsxeliyanın Paris klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Yeni razılaşma hələ rəsmiləşməyib.
