“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatında əsas rəqibi olan “Real Madrid”in hazırkı çıxışına münasibət bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis La Liqanın 13-cü turunda “Vilyarreal”la qarşılaşma ərəfəsində keçirilən mətbuat konfransında Madrid klubunun nəticələrindən narahat olmadığını vurğulayıb.
“Bu, məni narahat etmir. Çünki hazırda “Real Madrid”dən üç xal öndəyik. “Real Madrid”, “Atletiko” və “Betis” çox yaxşı səviyyədə çıxış edirlər. “Vilyarreal”ı da qeyd etmək lazımdır. Bu, gənc və böyük perspektivə malik məşqçisi olan güclü klubdur.
“Real Madrid”lə oyunumuz artıq keçmişdə qalıb. İndi bütün diqqətimizi “Vilyarreal”la qarşılaşmaya yönəltmişik. Üç xal qazanmaq və turnir cədvəlindəki mövqeyimizi qorumaq istəyirik. Bizim üçün ən vacib məsələ budur”, - deyə Flik bildirib.
Qeyd edək ki, açıqlama zamanı “Barselona” 33 xalla La Liqanın lideri idi. “Real Madrid” isə 30 xalla ikinci pillədə qərarlaşırdı.
Kataloniya təmsilçisi bu gün “Vilyarreal”ı qəbul edəcək.
