Böyük Britaniya parlamentinin üzvü Ceremi Korbin maliyyə qaydalarının pozulması işi üzrə araşdırmalar fonunda “Mançester Siti”yə qarşı sərt sanksiyaların tətbiq edilməsinə çağırıb.
İdman.Biz “The Standard”a istinadən xəbər verir ki, “Arsenal” azarkeşi kimi tanınan Korbin “Siti”ni ittihamların əhatə etdiyi dövrdə qazandığı titullardan məhrum edilməsini tələb edib.
“Liqa da onların titullardan məhrum edilməsi məsələsinə ciddi baxmalıdır. Əgər onlar titullarını dürüst olmayan yolla qazanıblarsa, niyə bu titullar onlarda qalmalıdır?” – deyə Korbin bildirib.
Parlamentarinin fikrincə, klub həmçinin böyük məbləğdə cərimələnməli və Premyer Liqadan kənarlaşdırılmasına səbəb olacaq dərəcədə ciddi xal silinməsi cəzası almalıdır.
Aprel ayında mediada müstəqil komissiyanın “Mançester Siti”ni təqdim olunmuş ittihamların mütləq əksəriyyəti üzrə təqsirli bildiyi barədə xəbərlər yayılıb. Bununla belə, klub özü prosesin hələ başa çatmadığını vurğulayır, pozuntuları təkzib etməkdə davam edir və qərardan apellyasiya şikayəti vermək niyyətindədir. Sanksiyalar hələ müəyyənləşdirilməyib.
2009/10 mövsümündən 2017/18 mövsümünədək olan dövrdə “Mançester Siti” üç dəfə Premyer Liqada çempionluğu, bir dəfə İngiltərə Kubokunu və üç dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
