Maksim Medvedev: “Öz içimdə milli ilə vidalaşdım”

Xəbərlər
1 Aprel 2024 13:14
545
Maksim Medvedev: “Öz içimdə milli ilə vidalaşdım”

“Çətindir, dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

Ağdam klubunun kapitanı milli komandadakı karyerasından danışıb. Maksimin sözlərinə görə, artıq bu səhifə onun üçün bağlanıb: “Artıq bir ildir çağırılmadığım üçün öz içimdə milli ilə vidalaşdım. Biz klubla çox oynayırıq, səfərlərimiz olur və artıq ailəmiz var. Ona görə də milli toplanışları çətin olur. Yeddi ildir ki, praktiki olaraq məzuniyyətim olmayıb. Çünki istirahət günlərini milli ilə oyunlara qatılırdım. Hər bir işi çatdırmalısan. Amma bunun psixoloji cəhətdən çətin olduğunu anladım”.

34 yaşlı futbolçu yığma ilə yaşadığı ən gözəl anlara da toxunub: “Heç bir parlaq an və ya nailiyyət əldə edə bilmədik, yeganə problem budur. Yığma ilə ən yaxşı anlar güclü rəqiblərə qarşı oynadığımız zamandır. Biz tez-tez Almaniya və Portuqaliya ilə qarşılaşırdıq. Azərbaycan himninin sədaları altında meydana çıxmaq həmişə xoşdur. Xüsusilə böyük komandalara qarşı özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Yalnız böyük oyunları və böyük stadionları xatırlayırsan, bu, ən vacib şeydir”.

Maksim bildirib ki, millimizdə stabillik çatışmır: “Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişikliyi olduğu üçün sabitlik yoxdur. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri dördlü, bəziləri isə beşli müdafiədə oynayır. Komandanın bir-birinə alışması lazım olduqda, müxtəlif sxemlərə görə bu, çətinləşir. Müəyyən bir sistemi yerinə yetirmək və nəticə görünənə qədər ondan yapışmaq lazımdır. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmir. Gənclər komandalarını da həvəsləndirmək lazımdır. Onlar da sistemə əməl etməli və əsas komandaya çağırılma yaşı yaxınlaşanda hamı nə edəcəyini bilməlidir”.

O, millidə əsas problemlərdən birinin futbolçu azlığı olduğunu vurğulayıb: ”Nəticə əldə etmək üçün heyətdə ən azı 50 oyunçu olmalıdır ki, rəqabət olsun. Çempionatda 10 komandamız olduğuna görə böyük seçim etmək çətindir. Üstəlik, “7+4” limiti var. Buna görə də cəmi 40 futbolçu oynayır. Onların yarısı da Olimpiya komandasına namizəddir”.

Qeyd edək ki, Maksim Medvedev Azərbaycan millisində 81 oyunda 4 qolla yadda qalıb.

İdman.biz