Arif Əsədov: “Hücum futbolu oynayacağıq” - FOTO

Xəbərlər
21 Mart 2024 17:23
555
Arif Əsədov: “Hücum futbolu oynayacağıq” - FOTO

"Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Komandamız toplanışa martın 18-də start verib”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Monqolustanla keçiriləcək oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, turnir çərçivəsində hər 2 görüşə fərqli sxemlə çıxacaqlar: “24 futbolçu ilə başlasaq da, Aleksey İsayev sıradan çıxdı. Yeni dəvət olunan futbolçulardan maksimum istifadə etməyə çalışacağıq. Hər iki oyuna fərqli taktiki sxemdə çıxa bilərik. Gələcək təlim-məşq toplanışında Orxan Əliyevin də heyətə çağırılması gözlənilir".

Əsədovun sözlərinə görə, Emil Mustafayev də çoxdan diqqətlərində olub: “Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov komandaya dəvət edilibsə, deməli oynamaq şansı da olacaq. Millidə işləyərkən Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin də kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik. Hücum futbolu oynayacağıq”.

Çalışdırıcı monqolları yaxşı təhlil etdiklərini deyib: “Onların futbolu Avropa futbolundan seçilir. Çox istəkli, hücumda sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq”.

Əsədov yığmadakı durumuna da aydınlıq gətirib: "Neftçi"yə təyin olunanda da köməkçi məşqçi idim. Orada 1 il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyanı yaşayıram. Qara Qarayevə gəlincə, millinin qapıları həmişə onun üçün açıqdır. Hər mövqedə 2 futbolçu çağırmışıq. Bu dəfə kiminsə kənarda qalmasını istəmədik. Bu dəfə onu çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda bizi yenə yoldaşlıq oyunları gözləyir”.

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz