Ceyhun Sultanov: “Neftçi” haqda yaxşı da danışsam, pis qəbul edirlər” – VİDEO

Müsahibə
14 Fevral 2024 16:22
656
Ceyhun Sultanov: “Neftçi” haqda yaxşı da danışsam, pis qəbul edirlər” – VİDEO

“Neftçi” haqqında danışmaq çox çətindir”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçu Ceyhun Sultanov deyib.

2018-ci ildən 2020-ci ilə qədər “Neftçi”nin idman direktoru işləmiş 44 yaşlı mütəxəssis klubun hazırkı durumunu dəyərləndirib. O bildirib ki, “ağ-qaralar”ın xüsusi proqramı yoxdur: “Neftçi” haqda yaxşı da, düzgün də danışsam pis qəbul edirlər. Komandada nəsə düzgün getməyəndə məşqçi, rəhbərlik göndərilir. Dəyişikliklər olur, amma heç nə düzəlmir. Düşünmürlər ki, bu dəyişikliklərlə heç nə düzəlməyəcək. Bir proqramları olmalıdır. 5 il bir məşqçiyə vaxt verilməlidir. Bilməlidilər ki, o yükü qaldıran məşqçidir. Hər küçədən keçənə vaxt vermək olmaz. Azarkeşlər də komandanın formalaşmasını gözləməlidir, səbirli olmalıdılar”.

Sultanov yeni baş məşqçi Miodraq Bojoviçin də işinə münasibət bildirib: “Onun son illərdə işinə baxdıqda görürsən ki, özünü xarizmatik göstərməyə, komandanın daxilində mehriban olmağa çalışır. Futbolçularla ünsiyyəti də yaxşıdır, amma bu, yetərli deyil. Oyunçuların keyfiyyəti və oyun planı yoxdursa, nəyi dəyişirsən dəyiş, effekt almayacaqsan”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatında 22 turdan sonra 32 xalla üçüncü pillədə yer alıb.

Emin Ağa
İdman.biz

Məqalədə: