Sabirabad stadionu bu gün: “İnşaatçı”nın tarix yazdığı arena baxımsız vəziyyətdə - VİDEO

22 Sentyabr 2026 18:22
57
Sabirabad stadionu bu gün: “İnşaatçı”nın tarix yazdığı arena baxımsız vəziyyətdə

Bir vaxtlar minlərlə futbol azarkeşini tribunalarına toplayan Sabirabad şəhər stadionu bu gün baxımsız vəziyyətdədir.

İdman.Biz cenublu.az saytına istinadən xəbər verir ki, vaxtilə rayonun “İnşaatçı” komandası məhz bu stadionda respublika çempionatında yüksək nəticələr uğrunda mübarizə aparıb.

Sabirabad futbolunun tarixində özünəməxsus iz qoyan arenanın hazırkı vəziyyəti isə veteran futbolçuları və gənc nəslin nümayəndələrini narahat edir.

Veteran futbolçuların sözlərinə görə, rayonda futbolun inkişafından danışılırsa, ilk növbədə gənclərin məşq edə biləcəyi normal və təhlükəsiz infrastruktur yaradılmalıdır.

Stadiondan istifadə edən gənc futbolçular da meydançanın vəziyyətindən narazıdırlar. Onlar bildirirlər ki, yeni futbolçular yetişdirmək üçün yalnız komandanın yaradılması kifayət etmir. Bunun üçün ilk növbədə sağlam və təhlükəsiz məşq şəraiti olmalıdır.

Vaxtilə “İnşaatçı”nın uğurları ilə yadda qalan Sabirabad futbolu bu gün yeni istedadların yolunu gözləyir. İndi əsas sual isə budur: illərin futbol tarixini yaşadan bu stadion yenidən azarkeş səslərinə və futbol həyəcanına qovuşacaqmı?

İdman.Biz