Türkiyə Superliqası: İstanbul derbisi və “Trabzonspor”un liderlik təqibi - İDMAN.BİZ-in İCMALI

27 Noyabr 2026 14:38
48
Türkiyə Superliqası: İstanbul derbisi və “Trabzonspor”un liderlik təqibi - İDMAN.BİZ-in İCMALI

Bu gün Türkiyə futbol Superliqasında 13-cü tura start veriləcək. Dörd gün davam edəcək turun çərçivəsində ümumilikdə doqquz oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, çempionatda liderliyi 31 xalla “Qalatasaray” qoruyur.

İstanbul təmsilçisindən üç xal geri qalan “Trabzonspor” ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə isə 25 xalı olan “Beşiktaş” gəlir. Mövsümün əsas sürprizlərindən biri olan, elitaya yeni yüksəlmiş “Amedspor” 23 xalla dördüncü pillədədir. Komanda əlavə göstəricilərə görə eyni xala malik “Kasımpaşa”nı qabaqlayır. “Fənərbağça” isə 20 xalla yalnız altıncı yerdə qərarlaşıb.

“Qaziantep” - “Amedspor”

Turun maraq doğuran qarşılaşmalarından biri mövsümün sürpriz komandalarından olan “Amedspor”la son vaxtlar ciddi oyun böhranı yaşayan “Qaziantep” arasında keçiriləcək.

Superliqadakı debüt mövsümünə inamlı başlayan “Amedspor” son iki turda ardıcıl məğlubiyyətlər alıb. Diyarbəkir təmsilçisi əvvəlcə “Qalatasaray”a 3:4, daha sonra isə “Rizespor”a 0:2 hesabı ilə uduzub. Buna baxmayaraq, komanda ilk dördlükdəki mövqeyini qoruyur. “Amedspor”un 28 qol vurması da onun çempionatın ən məhsuldar hücum xətlərindən birinə sahib olduğunu göstərir.

Bununla belə, komanda qarşıdakı oyuna bir sıra itkilərlə çıxacaq. Zədə səbəbindən Lumbard Dellova və Ermal Krasniçi meydana çıxa bilməyəcəklər. Samuel Balle isə diskvalifikasiyasını davam etdirir. Bundan başqa, klub bu yaxınlarda seneqallı hücumçu Mbaye Dianla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyini açıqlayıb. O, cari mövsümdə doqquz oyunda meydana çıxaraq iki qol vurub.

“Qaziantep”in vəziyyəti isə daha ağırdır. Komanda səkkiz turdur qələbə qazana bilmir və ardıcıl yeddi məğlubiyyət alıb. Sonuncu dəfə sentyabrın 7-də “Göztəpə”ni 4:2 hesabı ilə məğlub edən klub noyabrda Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirələ tapşırılıb. Lakin mütəxəssisin debütü uğursuz alınıb. Komanda “Gənclərbirliyi”nə 0:1 hesabı ilə uduzub.

Qarşıdakı görüşdə Volkan Dəmirəl zədəli Abakar Sillə, Trivante Stüart və Fuad Bavukun xidmətindən yararlana bilməyəcək.

“ Amedspor” üçün bu matç uğursuz seriyanı başa vurmaq baxımından yaxşı fürsətdir. Bununla belə, rəqibin baş məşqçi dəyişikliyindən sonra fərqli oyun nümayiş etdirmək ehtimalı qarşılaşmaya əlavə maraq qatır.

“Fənərbağça” - “Ərzurumspor”

Çempionatın 31 qolla ən məhsuldar komandası olmasına baxmayaraq, “Fənərbağça” hələ də azarkeşlərinin gözləntilərini doğrulda bilmir. İstanbul təmsilçisi Superliqanın son dörd oyunundan üçündə xal itirib və lider “Qalatasaray”dan artıq 11 xal geri qalır.

Bununla belə, komanda üçün həftə ərzində Donetsk “Şaxtyor”u üzərində UEFA Çempionlar Liqasında qazanılan 1:0 hesablı qələbə psixoloji baxımdan müsbət amil ola bilər.

Marko Asensio, Natan Ake və Ceyden Osterfold hələ də zədə səbəbindən komandaya kömək edə bilmirlər. Bu futbolçuların yoxluğu məşqçilər korpusunun seçim imkanlarını məhdudlaşdırır.

“Ərzurumspor” isə qarşılaşmaya ardıcıl üç məğlubiyyətlə gəlir. Komanda əvvəlki turlarda “Çorum”a (1:3), “Rizespor”a (1:2) və “Göztəpə”yə (0:1) uduzub. Sonuncu görüşdə klub daha iki futbolçusunu itirib. Fəsti Eboselə və Orxan Ovacıqlı zədələnərək müalicəyə başlayıblar.

Qeyd edək ki, komandalar bu ilin fevralında Türkiyə Kuboku çərçivəsində də üz-üzə gəliblər. Həmin qarşılaşmada “Fənərbağça” 3:1 hesablı qələbə qazanıb.

“Beşiktaş” - “Qalatasaray” derbisi ərəfəsində “Fənərbağça”nın xal fərqini azaltmaq üçün yaxşı şansı yaranacaq. İstanbul təmsilçisi rəqiblərinin xal itirməsindən də yararlana bilər.

“Göztəpə” - “Trabzonspor”

Turun ən maraqlı qarşılaşmalarından biri İzmirdə keçiriləcək. Meydan sahibləri çempionatın hazırda davam edən ən uzun qələbə seriyasına malik komandasını dayandırmağa çalışacaqlar.

“Trabzonspor” Superliqada ardıcıl yeddi oyundur qalib gəlir. Məhz bu uğurlu seriya sayəsində komanda “Qalatasaray”ın əsas izləyicisinə çevrilib. Trabzon təmsilçisi müdafiə baxımından da çempionatın ən etibarlı komandasıdır. Komanda 12 oyunda cəmi səkkiz qol buraxıb. Bundan başqa, “Trabzonspor” həftə ərzində Konfrans Liqasında Sofiyada MOİK-ə səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Uğurlu nəticələrə baxmayaraq, komandada kadr problemləri qalmaqdadır. Okey Yokuşlu, Aral Şimşir və Tim Jabol-Folkarelli zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Bununla yanaşı, baş məşqçi Tomas Rays Sofiyada keçirilən oyundan sonra Stefan Saviç və Ernest Muçinin “Göztəpə” ilə matça qədər heyətə qayıda biləcəklərini bildirib. Hər iki futbolçuya əvvəlki görüşdə istirahət verilmişdi.

Lakin İzmir səfərinin “Trabzonspor” üçün asan keçəcəyi gözlənilmir. “Göztəpə” çempionatın son beş matçının dördündə qələbə qazanıb. Bu nəticələr arasında “Fənərbağça” üzərində səfərdə əldə edilən 2:1 hesablı qələbə də var. Üstəlik, İzmir klubu bu ilin avqustunda yoxlama oyununda “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində ciddi itki braziliyalı hücumçu Andre Enrikedir. O, ötən turda zədələnib. Futbolçunu həmyerlisi Jandersonun əvəzləyəcəyi gözlənilir. Arda Kurtulan isə diskvalifikasiya səbəbindən meydana çıxa bilməyəcək.

“Trabzonspor” qələbə qazanacağı təqdirdə İstanbul derbisi başlamazdan əvvəl xallarını “Qalatasaray”la bərabərləşdirəcək. Bu isə liderə əlavə psixoloji təzyiq yarada bilər.

“Beşiktaş” - “Qalatasaray”

Turun mərkəzi qarşılaşması “Tüpraş” stadionunda keçiriləcək. Türkiyə futbolunun iki tarixi rəqibi və çempionluğa iddialı klubları üz-üzə gələcəklər.

“Qalatasaray” Superliqada ardıcıl altı qələbə qazanıb. Komanda cari çempionatda yeganə məğlubiyyətini altıncı turda “Trabzonspor”a qarşı səfər oyununda alıb. Həmin görüşdə İstanbul təmsilçisi 0:4 hesabı ilə uduzub.

“Beşiktaş” isə son dörd turda məğlub olmayıb və bu müddətdə 10 xal toplayıb. Komanda son iki matçında yeddi qol vurub. İstanbul klubu əvvəlcə “Gənclərbirliyi”ni 3:0, daha sonra isə “Konyaspor”u 4:2 hesabı ilə məğlub edib.

Hər iki komanda avrokuboklarda uğurlu çıxışdan sonra derbiyə hazırlaşır. “Qalatasaray” UEFA Çempionlar Liqasında İngiltərənin “Aston Villa” klubunu 1:0 hesabı ilə məğlub edib. “Beşiktaş” isə Batumidə keçirilən UEFA Avropa Liqası oyununda İsrailin Beer-Şeva şəhərini təmsil edən “Hapoel”ə 2:1 hesabı ilə qalib gəlib.

Bununla belə, “Qalatasaray”ın bərpa üçün rəqibindən iki gün artıq vaxtı olacaq. Belə prinsipial qarşılaşmada bu amil əhəmiyyətli rol oynaya bilər.

Derbi ərəfəsində əsas müzakirə mövzusu Viktor Osimhenin meydana çıxıb-çıxmayacağıdır. Nigeriyalı hücumçu artıq qaçış məşqlərinə başlayıb və onun matçın iştirak ərizəsinə daxil ediləcəyi gözlənilir. Lakin futbolçunun start heyətində yer alıb-almayacağı hələ bəlli deyil.

Okan Buruk üçün digər sevindirici xəbər Mario Leminanın zədəsinin ciddi olmamasıdır. Burun sümüyünün sınığı səbəbindən əməliyyat keçirən Deniz Gülün isə xüsusi qoruyucu maska ilə oynamaq ehtimalı var. Portuqaliyalı hücumçu Rafael Leao isə zədə səbəbindən derbidə iştirak edə bilməyəcək.

“Beşiktaş”da kadr vəziyyəti nisbətən yaxşıdır. Komandanın kapitanı Orkun Kökçü artıq sıraya qayıdıb və “Hapoel”lə görüşdə də iştirak edib. Bununla belə, zədə səbəbindən Batumidəki matçı buraxan fil Dişi Sahilindən olan müdafiəçi Emmanuel Aqbadunun derbiyə hazır olub-olmayacağı hələ də sual altındadır.

Xatırladaq ki, komandaların bu il martın 7-də “Tüpraş” stadionunda keçirilən əvvəlki derbisində “Qalatasaray” Viktor Osimhenin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

“Beşiktaş” qələbə qazanacağı təqdirdə liderlə xal fərqini üçə endirəcək və çempionluq mübarizəsini daha da gərginləşdirəcək. “Qalatasaray”ın qələbəsi isə onun prinsipial rəqibi ilə arasındakı fərqi doqquz xala çatdıracaq.

Beləliklə, İstanbul derbisinin nəticəsini yalnız iki klubun azarkeşləri deyil, “Trabzonspor”, “Amedspor” və “Fənərbağça” tərəfdarları da böyük maraqla gözləyirlər.

Türkiyə Superliqası

13-cü tur

Oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

27 noyabr

21:00. “Alanyaspor” – “Konyaspor”

21:00. “Rizespor” – “Kasımpaşa”

28 noyabr

17:00. “Samsunspor” – “Gənclərbirliyi”

20:00. “Qaziantep” – “Amedspor”

29 noyabr

14:30. “Çorum” – “Kocaelispor”

17:00. “Eyüpspor” – “Başakşehir”

20:00. “Fənərbağça” – “Ərzurumspor”

30 noyabr

20:00. “Göztəpə” – “Trabzonspor”

22:00. “Beşiktaş” – “Qalatasaray”

Turnir cədvəli

1. “Qalatasaray” – 31 xal

2. “Trabzonspor” – 28

3. “Beşiktaş” – 25

4. “Amedspor” – 23

5. “Kasımpaşa” – 236.

6. “Fənərbağça” – 20

7. “Başakşehir” – 20

8. “Kocaelispor” – 20

9. “Göztəpə” – 18

10. “Rizespor” – 17

11. “Çorum” – 16

12. “Gənclərbirliyi” – 14

13. “Ərzurumspor” – 14

14. “Alanyaspor” – 12

15. “Konyaspor” – 8

16. “Qaziantep” – 8

17. “Samsunspor” – 7

18. “Eyüpspor” – 3.

İdman.Biz