İtaliyanın “Sampdoriya” futbol komandasının Azərbaycan əsilli hücumçusu Lorenzo Mezzotero “Yuventus”un transfer hədəfləri sırasına daxil olub.
İdman.Biz xəbər verir ki, italiyalı jurnalist Mirko Di Natalenin yaydığı məlumata görə, gənc hücumçunun yüksək məhsuldarlığı Turin klubunun rəhbərliyinin diqqətini çəkib.
İtaliyada dünyaya gələn 18 yaşlı futbolçu cari mövsümdə gənclər çempionatı və B Seriyasında ümumilikdə 11 qarşılaşmada 12 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bildirilir ki, “Yuventus”la yanaşı, İtaliyanın digər aparıcı klubları da Azərbaycan əsilli futbolçunun inkişafını yaxından izləyirlər.
Mezzotero hazırkı məhsuldarlığını qoruyacağı təqdirdə yanvar transfer pəncərəsinin ən çox diqqət çəkən gənc futbolçularından birinə çevrilə bilər.
Qeyd edək ki, noyabrın əvvəlində Dortmund “Borussiya”sı və Belçikanın “Brügge” klubunun da futbolçu ilə maraqlandığı bildirilir.
