“Rakuv”un məşqçisi Mahir Emrelinin azarkeşlərin görmədiyi işindən danışdı

27 Noyabr 2026 10:49
47
“Rakuv”un məşqçisi Mahir Emrelinin azarkeşlərin görmədiyi işindən danışdı

Polşanın “Rakuv” klubunun baş məşqçisinin köməkçisi Lukaş Oçimek Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Polşanın “Przegląd Sportowy” nəşrinə müsahibəsində azərbaycanlı futbolçunun taktiki rolundan danışıb. O, fikirlərini Polşa çempionatının XV turunda noyabrın 22-də keçirilən “Vidzev”lə matçın (3:1) timsalında izah edib.

Komandasının künc zərbəsindən sonra vurduğu ilk qolu təhlil edən Oçimek cərimə meydançasında futbolçuların hərəkətlərinin həlledici rol oynadığını bildirib. Onun sözlərinə görə, bu detalları nə tribunadan, nə də televiziya yayımı zamanı görmək mümkündür. Belə epizodları təhlil etmək üçün məşqçilər korpusu xüsusi taktiki kameralardan istifadə edir.

“Bu görüntülərdə qapının qarşısında olan hər bir futbolçunun öz işini mükəmməl yerinə yetirdiyi görünür. Cərimə meydançasına ötürmələr zamanı detallı hərəkətlərə gəlincə, Mahir Emreli bu baxımdan Yunatan Braut Bruneslə müqayisə edilə biləcək səviyyədədir”, – deyə mütəxəssis bildirib.

Oçimek azərbaycanlı hücumçunun pressinq zamanı göstərdiyi fəallığı da xüsusi vurğulayıb. “Rakuv”un baş məşqçisi David Şvarqa da oyundan sonra Emrelinin bu xüsusiyyətinə diqqət çəkib.

Qeyd edək ki, son vaxtlar Mahir Emreli Polşa klubunun start heyətində müntəzəm yer alır. “Rakuv” son üç turda üç qələbə qazanıb. Azərbaycanlı futbolçu “Poqon” (3:1) və “Legiya” (4:2) ilə oyunlarda məhsuldar ötürmə ilə yadda qalıb.

29 yaşlı hücumçu bu mövsüm Polşa çempionatında “Rakuv”un keçirdiyi 15 oyunun hamısında meydana çıxıb. Onlardan 14-də start heyətində yer alan Emreli üç qol vurub və üç məhsuldar ötürmə edib.

Əlavə edək ki, “Rakuv” bu gün Polşa çempionatının növbəti turunda “Pyast”la qarşılaşacaq.

İdman.Biz