Bakıda debüt edən 18 yaşlı futbolçu “Barselona”nın yeni lideri ola bilər - FOTO

27 Noyabr 2026 11:01
41
Bakıda debüt edən 18 yaşlı futbolçu “Barselona”nın yeni lideri ola bilər - FOTO

İspaniyanın “Barselona” futbol komandasının 18 yaşlı müdafiəçisi Aleks Kamposun əsas heyətdə debütü Kataloniya mətbuatının diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda “Sabah”a qarşı keçirilən görüşdə baş məşqçi Hans-Diter Flik gənc futbolçuya əsas komandada debüt etmək imkanı yaradıb.

Kampos hələ əsas komandada oynamaq arzusunda olduğu dövrdə 40 dərəcə istidə fərdi məşqlər edərək mövsümə hazırlaşıb. Onun məqsədyönlülüyü və əzmkarlığı futbolçu kimi sürətli inkişafında mühüm rol oynayıb.

Flik heyətdəki itkilər səbəbindən bir ay əvvəl PSJ ilə qarşılaşma üçün də Kamposu heyətə cəlb edib, amma ehtiyatda qalıb.

Gənc müdafiəçinin inkişafında “Barselona”nın əvəzedici komandasının baş məşqçisi Juliano Bellettinin xüsusi rolu olduğu vurğulanır. Kampos meydana çıxmaq imkanı olduğu bütün qarşılaşmalarda sonadək mübarizə aparıb. Onun uğurlu çıxışı əvəzedici komandanın çempionatda ən az qol buraxan kollektiv olmasının əsas səbəblərindən biri hesab edilir. Müdafiəçi cari mövsümdə əvəzedici komandanın heyətində hələ məğlubiyyətlə üzləşməyib.

Klub rəhbərliyi Kamposun gələcəkdə komandanın liderlərindən birinə çevrilməsini istəyir. Futbolçu artıq əvəzedici komandanın kapitanlarından biridir.

Karyerasına yarımmüdafiəçi kimi başlayan Kampos “Barselona”ya keçdikdən sonra mərkəz müdafiəçisi mövqeyində çıxış etməyə başlayıb. O, dəqiq ötürmələri, yüksək tullanmaq bacarığı və sürəti ilə seçilir. Bu keyfiyyətlər komandanın müdafiə xəttini irəlidə qurmasına və standart vəziyyətlərdən səmərəli istifadə etməsinə imkan yaradır.

Son milli fasilə zamanı İspaniyanın U-19 millisində də kapitan sarğısını daşıyan Kampos əvəzedici komandaların derbisində 90 dəqiqə mübarizə aparıb və dörd gün sonra Bakıda əsas komandada debüt edib.

Maraqlıdır ki, 18 yaşlı futbolçu hələ də “La Masiya” akademiyasının yataqxanasında yaşayır.

Bu ilin yayında “Barselona” ilə müqaviləsinin müddətini 2029-cu ilədək uzadan müdafiəçinin əsas hədəfi Flikin komandasında möhkəmlənməkdir. Müqavilədə əməkdaşlığın daha bir il uzadılması imkanı da nəzərdə tutulur.

Xatırladaq ki, Bakıda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz