FIFA-nın qlobal futbolun inkişafı üzrə direktoru Arsen Venger ABŞ-də aparılan araşdırma çərçivəsində ifadə verməyə çağırıla bilər.
İdman.Biz jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsində demokratların aparıcı nümayəndəsi Ceymi Raskin FIFA-nın hazırkı və sabiq əməkdaşları da daxil olmaqla potensial şahidlərlə əlaqə saxlamağa başlayıb.
İlkin mərhələdə könüllü müsahibələrin keçirilməsi, 2027-ci ildə isə şahidlərə rəsmi çağırışların göndərilməsi nəzərdə tutulur.
İyulda başlanılan araşdırma FIFA ilə ABŞ administrasiyası arasında mümkün korrupsiya hallarını və qarşılıqlı imtiyazların verilməsi ilə bağlı iddiaları əhatə edir. Raskin FIFA-nın ABŞ Prezidenti Donald Tramp və onun yaxın ətrafı ilə əlaqələrinə dair sənədləri tələb edib.
Qeyd edək ki, Venger hələ rəsmi qaydada ifadə verməyə çağırılmayıb. “Sky News” potensial şahidlərlə əlaqə saxlanıldığını təsdiqləsə də, fransalı mütəxəssisin adını açıqlamayıb.
