UEFA Avropa Liqasının liqa mərhələsinin beşinci turunda Fransanın “Marsel” və Bolqarıstanın “Levski” futbol komandaları arasında keçirilən qarşılaşma ciddi insidentlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, noyabrın 26-da axşam saatlarında “Velodrom” stadionunda baş tutan görüş öncəsi fransalı azarkeşlər bolqarıstanlı tərəfdarlara hücum ediblər.
Tribunalarda baş verən qarşıdurma zamanı müxtəlif əşyalar və pirotexniki vasitələrdən istifadə olunub. Fransa polisinin məlumatına görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Yaralıların hamısı Bolqarıstan vətəndaşıdır. Onlardan beşi xəstəxanaya yerləşdirilib.
Qarşılaşmanın əvvəlcədən yüksək riskli oyun kimi qiymətləndirilməsinə baxmayaraq, təhlükəsizlik tədbirləri insidentin qarşısını almaq üçün kifayət etməyib. “Levski” azarkeşləri üçün ayrılan biletlərin sayı isə 500-lə məhdudlaşdırılıb.
Bolqarıstan prezidenti İliana Yotova isə Fransa hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını, UEFA-dan stadionda bolqarıstanlı azarkeşlərin təhlükəsizliyinin necə təmin edildiyinin yoxlanılmasını tələb edib.
Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra qarşılaşma vaxtında başlasa da, fasilə zamanı tribunalarda yenidən gərginlik yaşanıb.

Bəzi media nümayəndələri “Marsel”in hətta Avropa Liqasından kənarlaşdırılmasını tələb edirlər. UEFA-nın hadisə ilə bağlı hansı qərarı qəbul edəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, qarşılaşma “Marsel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu 28-ci dəqiqədə Əmin Quiri penaltidən vurub.

