“Çelsi”nin ala bilmədiyi Kamara üçün “Liverpul” hərəkətə keçdi

22 Sentyabr 2026 19:09
36
“Çelsi”nin ala bilmədiyi Kamara üçün “Liverpul” hərəkətə keçdi

“Liverpul” futbol klubu “Monako”nun yarımmüdafiəçisi Lamin Kamaranın transferi üçün hərəkətə keçib.

İdman.Biz “Football Insider”ə istinadən xəbər verir ki, Mersisayd klubu 22 yaşlı futbolçunun agenti ilə danışıqlar aparır.

Kamaranın qış transfer pəncərəsində “Monako”dan ayrılmasının mümkün olduğu bildirilir. “Liverpul” yayda yarımmüdafiəçi transfer etməyi planlaşdırsa da, bu keçidi həyata keçirə bilməyib. Hazırda Kamara klubun mövsümün ortasında transfer etmək istədiyi əsas namizədlərdən biridir.

Seneqallı futbolçu daha əvvəl “Çelsi”nin də maraq dairəsində olub. London klubunun onun transferini yay transfer pəncərəsinin son günündə həyata keçirə bilmədiyi bildirilib.

Kamara cari mövsümdə “Monako”nun heyətində bütün turnirlərdə 7 oyuna çıxıb. O, bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 40 milyon avro (80 milyon manat) qiymətləndirir.

İdman.Biz