Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə “Lion”u mübarizədən kənarlaşdıra bilib. Qarşılaşma “Fənərbağça”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra Türkiyə klubu iki görüşün nəticəsinə əsasən 3:2 üstün olub.
İdman.Biz-in məlumatına görə, İstanbul klubu sosial şəbəkə hesabında “Lion”un stadionunda qolunu qaldıraraq formasındakı Çempionlar Liqasının loqosunu göstərən və gülümsəyən Matteo Quendouzinin fotosunu paylaşıb.
Bu paylaşım “Groupama” stadionunda keçirilən matç zamanı baş verənlər fonunda xüsusi məna daşıyıb.
Belə ki, 2021-2023-cü illərdə “Lion”un əzəli rəqibi “Marsel”də çıxış edən Quendouzi hələ qarşılaşma başlamamışdan əvvəl meydan sahiblərinin azarkeşlərinin sərt reaksiyası ilə üzləşib. “Lion” tərəfdarları isinmə zamanı fransalı yarımmüdafiəçini yüksək səslə fitə basıb və təhqir ediblər. Quendouzi isə tribunaya qarşı nalayiq jestlə cavab verərək gərginliyi daha da artırıb.
Gərginlik “Fənərbağça”nın 2:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsindən sonra da davam edib.
Quendouzi qələbəni “Allez l’OM!” (“İrəli, Marsel!”) şüarı ilə qeyd edib və “Marsel”lə bağlılığı ilə tanınan repçi Julun jestlərindən birini edib. Onun bu hərəkəti hər iki komandanın futbolçuları və üzvlərinin iştirakı ilə qarşıdurmaya səbəb olub. Mübahisə daha sonra tunelin yaxınlığında da davam edib.
Quendouzi daha sonra reaksiyasını izah edərək bildirib ki, “Lion” azarkeşləri oyunboyu onu və ailə üzvlərini təhqir ediblər.
Bütün bunların fonunda “Fənərbağça”nın gülümsəyən Quendouzinin formasındakı Çempionlar Liqasının nişanını göstərdiyi fotosunu paylaşması fransız klubunun mübarizədən kənarlaşdırılmasından sonra “Lion”a vurulan son zərbə kimi qiymətləndirilib.

