“Lex”in yeddi qolluq üstünlüyü, “Trabzonspor”un geridönüş ümidi - Avropa Liqasında həlledici axşam

27 Avqust 2026 10:00
97
“Lex”in yeddi qolluq üstünlüyü, “Trabzonspor”un geridönüş ümidi - Avropa Liqasında həlledici axşam

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Qarşılaşmaların yekunlarına əsasən turnirin əsas mərhələsində mübarizə aparacaq daha 12 komandanın adına aydınlıq gələcək.

İdman.Biz xəbər verir ki, axşamın əsas qarşılaşmalarından biri “Ferentsvaroş” və “Trabzonspor” arasında olacaq. Macarıstan klubu Türkiyədə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Buna görə də “Trabzonspor”un Avropa Liqasında mübarizəni davam etdirməsi üçün Budapeştdəki görüşdə geridönüş etməsi lazımdır.

“Beşiktaş”, “Srvena Zvezda” və “Anderlext” isə cavab oyunlarına daha rahat vəziyyətdə çıxacaqlar. İstanbul klubu doğma meydanda “Kauno Jalgiris”i 3:0 hesabı ilə darmadağın edib. Belqrad təmsilçisi “Viktoriya”nı (Plzen) eyni hesabla məğlub edib. “Anderlext” isə səfərdə “Kayrat” üzərində 3:0 hesablı böyük qələbə qazanıb.

“Benfika” da üstünlüyə malikdir. Lissabon klubu ilk oyunda Danimarkanın “Orhus” komandasını 3:1 hesabı ilə məğlub edib və səfərdə əldə etdiyi üstünlüyü qorumağa çalışacaq.

“Lex” isə demək olar ki, vəzifənin öhdəsindən gəlib. Polşa klubu “Tun”u 7:0 hesabı ilə darmadağın edib. Buna görə də İsveçrə təmsilçisinin sensasion geridönüş etməsi üçün yeddi qol vurması tələb olunur.

İki cütdə isə ilk qarşılaşma qalibi müəyyənləşdirməyib. “Ararat-Armeniya” 1:1 hesablı heç-heçədən sonra “Universitatya”nı qəbul edəcək. “Lillestrem” və “Eqnatiya” isə cavab oyununa qolsuz heç-heçə ilə başlayacaqlar.

“Zalsburq” və “Sent-Trüden” minimal üstünlüklərini qorumağa çalışacaqlar. Avstriya klubu “Myelbyu”nu 1:0, Belçika təmsilçisi isə “Omoniya”nı eyni hesabla məğlub edib.

12 cütün qalibləri Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə avrokubok mövsümünü Konfrans Liqasının əsas mərhələsində davam etdirəcəklər. Avropa Liqasının püşkatması avqustun 28-də keçiriləcək.

27 avqust - Bakı vaxtı ilə

20:00. “Ararat-Armeniya” – “Universitatya” (ilk oyun – 1:1)

20:00. “İberiya” – “Yagelloniya” (0:4)

21:00. “Omoniya” – “Sent-Trüden” (0:1)

21:00. “Viktoriya” Plzen – “Srvena Zvezda” (0:3)

21:00. “Lillestrem” – “Eqnatiya” (0:0)

21:00. “Zalsburq” – “Myelbyu” (1:0)

21:00. “Kauno Jalgiris” – “Beşiktaş” (0:3)

22:00. “Tun” – “Lex” (0:7)

22:00. “Orhus” – “Benfika” (1:3)

22:00. ÇSKA Sofiya – OFİ (0:3)

22:30. “Ferentsvaroş” – “Trabzonspor” (1:0)

22:30. “Anderlext” – “Kayrat” (3:0)

İdman.Biz