Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, C qrupunun üçüncü turunda yığmamız Rumıniya millisini 3:2 hesabı ilə məğlub edib.
Azərbaycan voleybolçuları ilk iki setdə 25:21 və 25:23 hesabı ilə qalib gəliblər. Lakin rəqib növbəti iki hissəni 25:15 və 25:22 hesabı ilə öz xeyrinə başa vuraraq tarazlığı bərpa edib. Görüşün taleyi tay-brekdə həll olunub. Həlledici setdə Azərbaycan millisi 15:8 hesablı inamlı qələbə qazanıb.
Azərbaycan - Rumıniya - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)
Yığmamız əvvəlki oyunlarda Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan millisi ilk üç görüşünün hamısında qalib gələrək xalını 8-ə çatdırıb.
Komandamız növbəti matçını avqustun 26-da Belçikaya qarşı keçirəcək. Avqustun 28-də isə Azərbaycan Niderlandla üz-üzə gələcək.
Günün digər qarşılaşmasında Niderland Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.
Turnir cədvəli: Azərbaycan - 8 xal, Belçika, Niderland - 5, Rumıniya - 2, İspaniya - 1, Portuqaliya - 0.
C qrupunun oyunları Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.
17:17
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
İdman.Biz xəbər verir ki, günün ilk matçında Niderland seçməsi Portuqaliyanı məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 (25:21, 25:18, 25:23) hesabı ilə bitib. “Narıncılar” Birinci turda Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
Günün ikinci görüşündə Azərbaycan millisi Rumıniyanı sınağa çəkəcək. Matç saat 18:30-da başlayacaq.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
09:13
Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda növbəti qarşılaşmalar baş tutacaq.
İdman.Biz xəbər verir ki, günün ilk oyununda saat 15:30-da Niderland və Portuqaliya milliləri üz-üzə gələcəklər.
Saat 18:30-da isə Azərbaycan millisi Rumıniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk iki oyunda Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib və 6 xalla C qrupuna başçılıq edir.
C qrupunun oyunları Milli Gimnastika Arenasında keçirilir.
