Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın “Skandicçi” və Azərbaycanın “Turan” komandaları arasında keçiriləcək oyun öncəsi maraqlı tarixi qarşıdurmaya diqqət çəkib.
İdman.Biz xəbər verir ki, CEV-in rəsmi saytında dərc olunan materialda “Skandicçi”nin hazırkı baş məşqçisi Marko Qasparinin Azərbaycan klubları ilə əvvəlki görüşləri xatırladılıb. Xüsusilə “Turan”ın lideri Yelizaveta Rubanın çıxışı vurğulanıb.
2016/17 mövsümündə həmin vaxt “Modena”nı çalışdıran italiyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində Bakı “Telekom”unu iki dəfə məğlub edib. İtaliya təmsilçisi evdə 3:0, səfərdə isə 3:1 hesablı qələbə qazanıb. Hər iki qarşılaşmada Azərbaycan komandasının ən məhsuldar voleybolçusu Ruban olub. Xüsusilə 2017-ci il fevralın 8-də Bakıda keçirilən oyunda o, 22 xal toplayıb.
Maraqlıdır ki, həmin “Modena”nın heyətində hazırda “Skandicçi”də çıxış edən Katerina Bozetti də yer alıb. Beləliklə, təxminən 10 ildən sonra Ruban Çempionlar Liqasında yenidən Qaspari və Bozetti ilə qarşılaşacaq.
Qarşıdakı oyunun marağını artıran digər məqam isə Rubanın 2017/18 mövsümündə məhz “Skandicçi”nin formasını geyinməsidir. İtaliya Voleybol Liqasının rəsmi statistikasına əsasən, həmin vaxt Səmədova soyadı ilə çıxış edən azərbaycanlı voleybolçu bu klubun heyətində üç matç keçirib.
Bu arada İtaliyanın ixtisaslaşmış OA Sport portalı Rubanı “Turan”ın əsas hücum silahlarından biri kimi təqdim edib. Jurnalist Mario Sirancelo azərbaycanlı voleybolçunun Çempionlar Liqasının təsnifat mərhələsində dörd oyunda 58 xal topladığını və bu göstərici ilə seçmə mərhələnin ən məhsuldar oyunçuları arasında beşinci yeri tutduğunu qeyd edib.
İtaliyalı jurnalist, həmçinin təsnifat mərhələsində 12 blokla yadda qalan çinli orta blokçu Yan Hanyuy və onun Cənubi Koreyadan olan toppaylayıcı Li Da Yon ilə anlaşmasına diqqət çəkib.
OA Sport-un digər materialında jurnalist Enriko Spada “Turan”ın beş voleybolçusunun İtaliya çempionatında çıxış təcrübəsinə malik olduğunu vurğulayıb. Bunlar Rubanla yanaşı, Marta Drpa, Barbora Kosekova, Vilma Salas və Keniya Karkasesdir.
İtaliya nəşri Tovuz təmsilçisinin mövsümə uğurlu startına da diqqət çəkib. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi dörd oyunun hamısında, eləcə də Azərbaycan çempionatının ilk iki matçında qələbə qazanıb.
Qeyd edək ki, “Turan” tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. D qrupunda Azərbaycan klubunun digər rəqibləri Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandalarıdır.
“Skandicçi” - “Turan” oyunu bu gün, noyabrın 25-də Florensiyada yerləşən Pala BigMat arenasında keçiriləcək. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
