Ruban keçmiş klubuna qarşı, Qasparidən “Turan” xəbərdarlığı

24 Noyabr 2026 22:02
51
Ruban keçmiş klubuna qarşı, Qasparidən “Turan” xəbərdarlığı

İtaliyanın “Savino Del Bene Skandiççi” klubunun baş məşqçisi Marko Qaspari qadın voleybolçuların Çempionlar Liqasında “Turan”la qarşılaşmadan əvvəl komandasını arxayınlaşmamağa çağırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis Azərbaycan çempionunun heyətində müxtəlif ölkələrdə çıxış etmiş təcrübəli voleybolçuların toplandığını vurğulayıb.

“Turan” təcrübəli oyunçuların bir araya gəldiyi komandadır. Onların bir çoxu dünyanın müxtəlif ölkələrində çıxış edib. Vilma Salas, Karkases, Li bacıları, çinli mərkəz oyunçusu Yanq və vaxtilə bizim klubda oynamış Ruban kimi voleybolçuları var. Yaxşı voleybol oynayırlar”, - deyə Qaspari söyləyib.

İtaliyalı məşqçi rəqibin mərkəzdən hücum imkanlarını məhdudlaşdırmaq üçün servislə təzyiq yaratmağın vacibliyini qeyd edib. O, öz komandasının da servis keyfiyyətini yüksəltməli, blok və müdafiədə daha nizamlı oynamalı olduğunu diqqətə çatdırıb.

“Turan”ı qətiyyən zəif rəqib saymaq olmaz. Bəzi hücumçularına xüsusi diqqət yetirməliyik. Belə qarşılaşmalara yüngül yanaşmaq olmaz. Çempionlar Liqasında uğurlu çıxış etmək istəyirik”, - deyə Qaspari əlavə edib.

Qarşılaşma “Turan”ın voleybolçusu Yelizaveta Ruban üçün keçmiş klubu ilə görüş olacaq. Azərbaycan millisinin hücumçusu 2017/18 mövsümündə “Skandiççi”nin formasını geyinib. O, Tovuz təmsilçisinin heyətində İtaliya klubunda oynamış yeganə voleybolçudur.

Komandalar ilk dəfə üz-üzə gələcəklər. Bu, “Skandiççi”nin avrokuboklarda Azərbaycan təmsilçisinə qarşı ilk oyunu olacaq.

D qrupunun ilk turunun görüşü noyabrın 25-də Florensiyada keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İdman.Biz