Azərbaycan voleybol millisinin kapitanı Avropa çempionatındakı çıxışı dəyərləndirdi

23 Noyabr 2026 16:19
41
Azərbaycan voleybol millisinin kapitanı Avropa çempionatındakı çıxışı dəyərləndirdi

“16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisinin kapitanı Dilarə Ağayeva Avropa çempionatının birinci təsnifat mərhələsində komandanın çıxışını dəyərləndirib”.

İdman.Biz xəbər verir ki, voleybolçu bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb.

“Bu turnirdə əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaq idi. Fikrimcə, komanda şəklində buna nail olduq və hər qarşılaşmada qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qrup mərhələsində Estoniya və Ukrayna millilərinə məğlub olsaq da, hər iki oyunda layiqli mübarizə apardıq. Nəticələr də komandalar arasında rəqabətin kifayət qədər gərgin olduğunu göstərdi. Belə ki, Litva seçməsi Ukrayna və Estoniya yığmalarını məğlub etdi, biz isə Litva və Gürcüstan millilərinə qalib gəldik.

Ümumilikdə, bu turnirdə qarşımıza qoyduğumuz hədəflərin bir qisminə çatdıq. Əlbəttə, daha yaxşı nəticə göstərə bilərdik. Lakin bu yarış bizim üçün təcrübə qazanmaq və qarşıdakı mərhələlərə hazırlaşmaq baxımından çox faydalı oldu. İndi əsas məqsədimiz səhvlərimiz üzərində çalışmaq və növbəti turnirlərdə daha yaxşı çıxış etməkdir”.

Qeyd edək ki, noyabrın 19-22-də Estoniyanın Kaariku şəhərində keçirilən yarışın B qrupunda yer alan Azərbaycan millisi ev sahiblərinə 2:3, Ukraynaya isə 1:3 hesabı ilə uduzub. Komanda Litvaya 3:1 hesabı ilə qalib gəlib. Yığma beşinci yer uğrunda görüşdə Gürcüstanı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz