Voleybolçu qızlardan ibarət Azərbaycanın U-16 millisi Estoniyanın Kaariku şəhərində təşkil olunan yarışdakı çıxışını qələbə ilə yekunlaşdırıb. Son qarşılaşmada Gürcüstanı 3:0 hesabı ilə üstələyən komandamız beşinci pilləni tutub.
İdman.Biz xəbər verir ki, noyabrın 19-22-də keçirilən EEVZA turniri Avropa çempionatının birinci təsnifat mərhələsi xarakteri daşıyıb.
B qrupunda yer alan millimiz meydan sahibi Estoniya ilə görüşdə ilk iki seti uduzsa da, sonrakı iki hissədə üstün olaraq hesabı bərabərləşdirib. Həlledici setdə isə Estoniya qalib gəlib - 3:2.
Ukrayna ilə qarşılaşmaya da uğurlu başlayan voleybolçularımız ilk seti öz xeyirlərinə başa vurublar. Lakin növbəti üç setdə rəqib üstün olub və millimiz meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Komandamız qrupdakı qələbəsini Litva üzərində qazanıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan seçməsi daha sonra beşinci yer uğrunda Gürcüstanla qarşılaşıb. Üç setin hamısında üstün olan qızlarımız turniri iki qələbə ilə tamamlayıblar.
A qrupunda Polşa, Gürcüstan və Finlandiya yığmaları yarışıblar. Finalda Ukraynaya 3:0 hesabı ilə qalib gələn Polşa EEVZA çempionluğuna yiyələnib və 2027-ci il U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edib.
