“Xilasedici”nin kapitanı Vüqar Bayramov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Sloveniyanın “ACH Volley Ljublyana” klubuna qarşı keçirdikləri ilk oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, voleybolçu evdə 1:3 hesablı məğlubiyyətə baxmayaraq, komandasının səfərdə uğurlu nəticə qazana biləcəyinə inandığını bildirib.
“Qarşımızda güclü rəqibin olduğunu bilirdik. Sloveniya millisinin aparıcı oyunçularından formalaşan bu komanda ilə qarşılaşmanın çətin keçəcəyini gözləyirdik. Oyunda əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq, lakin uduzduq. Buna baxmayaraq, komandama inanıram”, - deyə Bayramov vurğulayıb.
Kapitan əvvəlki təsnifat mərhələsindəki uğurlu təcrübəni xatırladıb:
“Portuqaliya təmsilçisi ilə də ilk oyunda məğlub olmuşduq, lakin səfərdə əzmkar oyun nümayiş etdirərək qələbə qazanmışdıq. Bu dəfə də səfərdə layiqli mübarizə aparıb azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
