“Xilasedici”nin baş məşqçisi cavab görüşünü dəyərləndirdi

20 Noyabr 2026 13:44
47
“Xilasedici”nin baş məşqçisi cavab görüşünü dəyərləndirdi

“CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Sloveniyanın “ACH Volley Lyublyana” komandası ilə səfərdə keçiriləcək cavab oyunu “Xilasedici” üçün çox çətin olacaq”.

Bunu kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisinin baş məşqçisi Cəlil Cəlilov deyib.

Mütəxəssis ilk matçın nəticəsinə baxmayaraq, mübarizədən razı qaldığını bildirib.

“Rəqib həqiqətən çox güclü və yüksəksəviyyəli kollektivdir. Demək olar ki, Sloveniya yığması ilə qarşılaşdıq. Heyətlərində cəmi 2 əcnəbi çıxış edirdi, qalan bütün idmançılar isə milli komandanın üzvləri idi. 3:1 hesablı məğlubiyyətə baxmayaraq, voleybolçularıma meydanda belə gözəl oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm. Dünənki görüşdə əsas problemimiz servislərin alınmaması oldu, güclü zərbələr endirə bilmədik. Üstəlik, qarşı tərəfin təcrübəsi və səviyyəsi də öz sözünü dedi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Baş məşqçi səfər matçına hazırlıq planlarından və heyətdəki zədəli voleybolçuların durumundan danışıb:

“Bu gün kollektivə istirahət vermişik ki, oyunçular dünənki görüşdən sonra dincəlsinlər. Sabah məşqçilər korpusunun iclası olacaq, matçı təhlil edib, hazırlıqlara başlayacağıq. Vaxtımız azdır, çünki noyabrın 23-də gecə saat 04:30-da səfərə çıxırıq. Heyətdə 2 zədəli voleybolçumuz var, lakin onların müalicəsi davam edir və cavab qarşılaşmasında hamısı meydançaya çıxacaq”.

C.Cəlilov növbəti matçda şansların bərabər olduğunu vurğulayıb:

“Çempionlar Liqasında brend klublar mübarizə aparır, amma rəqib məğlubedilməz deyil. Voleybolda hər şey mümkündür və cavab görüşündə şansları faiz nisbəti ilə 50-nin 50-yə dəyərləndirirəm. Həmin gün oyunumuz alınsa, istədiyimiz nəticəni əldə edə bilərik. Bu, hələ son deyil. Uduzsaq belə, yolumuza CEV Çelenc Kubokunda davam edəcəyik”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu Sloveniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyanada keçiriləcək.

İdman.Biz