Qadın voleybolçulardan ibarət “Turan”ın Çempionlar Liqasının qrup mərhələsində ilk rəqibi olan İtaliyanın “Savino Del Bene Skandiççi” komandasında heyət problemi yaranıb.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, amerikalı voleybolçu Everi Skinner fiziki problemlərə görə bir neçə gün idman fəaliyyətindən uzaq qalacaq.
Problemin dəqiq xarakteri və oyunçunun qayıdış tarixi göstərilməyib. Skinnerin noyabrın 25-də “Turan”la qarşılaşmada iştirak edib-etməyəcəyi də ayrıca açıqlanmayıb.
“Skandiççi” Azərbaycan təmsilçisi ilə görüş ərəfəsində İtaliya çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Komanda noyabrın 22-də 10-cu tur çərçivəsində “Breşia”nı 3:0 (25:18, 25:19, 25:19) hesabı ilə məğlub edib.
Qarşılaşmanın ən məhsuldar voleybolçusu 21 xal toplayan Kiera Van Rik olub. Meydan sahibləri bloklardan 13 xal qazanıblar. Skinner həmin görüşdə meydana çıxmayıb.
Bununla belə, baş məşqçi Marko Qaspari komandasının oyunundan tam razı qalmayıb.
“Hücumda ən yaxşı oyunlarımızdan birini keçirmədik”, - deyə mütəxəssis vurğulayıb.
Qaspari komandanın bəzi məqamlarda yenə qeyri-sabit təsir bağışladığını söyləyib və inkişaf etmək üçün qələbələrdən sonra da oyuna tənqidi yanaşmağın vacibliyini qeyd edib.
“Skandiççi” ilə “Turan” arasında D qrupunun ilk turunun qarşılaşması noyabrın 25-də Florensiyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
