Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

27 Avqust 2026 17:40
896
Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Quba Olimpiya İdman Kompleksində keçirilən III “Ulduz Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 ölkədən 12 komanda iştirak edib.

Avqustun 24-dən 27-dək davam edən turnirin finalında Azərbaycanın “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Polşa təmsilçisi 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Üçüncü yer uğrunda oyunda isə “Qarabağ” Özbəkistanın “Paxtakor” komandasına 0:2 hesabı ilə məğlub olub.

Yarışın sonunda qaliblər və mükafatçılar təltif ediliblər.

Qeyd edək ki, turnirin bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.

17:14

Qubada 11 yaşadək futbolçular arasında keçirilən üçüncü “Ulduz Cup” beynəlxalq turnirində final qarşılaşması başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycanın “Ulduz” Futbol Akademiyası finalda Polşanın “Drukarz” komandasına 0:1 hesabı ilə məğlub olub.

Beləliklə, “Ulduz” turniri ikinci pillədə başa vurub.

Növbəti qarşılaşmada “Qarabağ” və Özbəkistanın “Paxtakor” komandaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

10:45

Qubada 11 yaşadək futbolçular arasında keçirilən üçüncü “Ulduz Cup” beynəlxalq turnirində bu gün həlledici qarşılaşmalar baş tutacaq.

İdman.Biz xəbər verir ki, finalda Azərbaycanın “Ulduz” Futbol Akademiyası Polşanın “Drukarz” komandası ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda görüşdə isə “Qarabağ” və Özbəkistanın “Paxtakor” komandaları üz-üzə gələcək.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Araz Xəlilli

İdman.Biz