Qubada beynəlxalq futbol turnirində ilk gün başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

24 Avqust 2026 18:24
1 547
Qubada beynəlxalq futbol turnirində ilk gün başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turnirinin ilk gününə yekun vurulub.

İdman.Biz xəbər verir ki, avqustun 27-dək davam edəcək yarışda Azərbaycanla yanaşı, Özbəkistan, Polşa, Türkmənistan, Gürcüstan, Qırğızıstan və Qazaxıstandan komandalar iştirak edir.

Turnirin ilk günündə “Ulduz” FA “Bunyodkor”u (Özbəkistan) 3:0 hesabı ilə üstələyib. “Qarabağ” isə “Altın Taç” FK-nı (Türkmənistan) 4:1 hesabı ilə məğlub edib.

“Zirə” FK “Drukarz” KS (Polşa) ilə 1:1 hesablı heç-heçə edib.

“Sabah” “Paxtakor”a (Özbəkistan) 0:2 hesabı ilə uduzub. “Neftçi” – “Dinamo Tbilisi” (Gürcüstan) qarşılaşması 0:4 hesabı ilə başa çatıb. “Sduşorsi” (Qırğızıstan) “Kayrat”a (Qazaxıstan) 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, avqustun 27-dək davam edəcək turnirdə 7 ölkədən 12 komanda iştirak edir.

17:01

Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən üçüncü “Ulduz Cup” beynəlxalq turnirində ilk oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Ulduz” Futbol Akademiyası Özbəkistanın “Bunyodkor” komandası ilə qarşılaşıb. Görüş “Ulduz”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, avqustun 27-dək davam edəcək turnirdə 7 ölkədən 12 komanda iştirak edir.

15:57

Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb.

İdman.Biz xəbər verir ki, avqustun 27-dək davam edəcək yarış Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilir.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə 7 ölkədən 12 komanda mübarizə aparır. Azərbaycanı “Ulduz”, “Zirə”, “Sabah”, “Neftçi” və “Qarabağ”, Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Gürcüstanı Tbilisinin “Dinamo”su, Polşanı “Drukarz”, Türkmənistanı “Altın Taç”, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” təmsil edir.

Qeyd edək ki, “Ulduz Cup” beynəlxalq futbol turniri üçüncü dəfə keçirilir. İlk yarışın qalibi Belarusun Minsk “Dinamo”su olub. “Ulduz” ikinci, “Bunyodkor” isə üçüncü yeri tutub.

Ötən il keçirilən ikinci “Ulduz Cup”da isə “Neftçi” turnirin qalibi olub. “Paxtakor” ikinci, Tbilisi “Dinamo”su üçüncü pillədə qərarlaşıb.

Araz Xəlilli

12:32

Bu gün Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürəcək.

İdman.Biz xəbər verir ki, avqustun 27-dək davam edəcək turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Polşa və Türkmənistanın komandaları da mübarizə aparacaq.

Turnirin açılış mərasimi saat 15:00-da keçiriləcək. İlk oyunlar isə aşağıdakı cədvəl üzrə baş tutacaq:

16:00. “Ulduz” FA (Azərbaycan) - “Bunyodkor” (Özbəkistan)

17:30. “Zirə” - “Drukarz” (Polşa)

17:30. “Qarabağ” - “Altın Taç” (Türkmənistan)

Qeyd edək ki, turnirin qarşılaşmaları Gənclər və İdman Nazirliyinin rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.

İdman.Biz