İspaniya millisinin və “Barselona” futbol komandasının yarımmüdafiəçisi Pedri PSJ-nin transfer hədəfinə çevrilib.
İdman.Biz “ElNacional”a istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı futbolçu üçün 90 milyon avro (174 milyon AZN) məbləğində ilkin təklif göndərməyə hazırlaşır.
Baş məşqçi Luis Enrikenin Pedrini komandanın yaradıcılıq potensialını artıracaq əsas namizəd kimi müəyyənləşdirdiyi bildirilir.
PSJ Rodri Ernandeslə bağlı transfer planının baş tutmamasından sonra diqqətini “Barselona”nın yarımmüdafiəçisinə yönəldib. Bununla belə, 90 milyon avroluq təklifin Kataloniya təmsilçisini razı salmayacağı qeyd olunur.
“Barselona” isə Pedrini komandanın əsas futbolçularından biri hesab edir və onun satışı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil. İspaniyalı yarımmüdafiəçinin müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədir.
