Kot-d’İvuar millisinin və Almaniyanın “Leypsiq” futbol komandasının cinah hücumçusu Yan Diomandenin “Real”a transferi agentlər arasında yaranan mübahisə səbəbindən gecikə bilər.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, futbolçunun keçmiş nümayəndəsi Maks Qradelin rəhbərlik etdiyi “Maxidel Management” şirkəti FIFA-ya şikayət edib. Şirkət Diomandenin nümayəndəlik müqaviləsinin şərtlərini pozduğunu iddia edir.
Məlumata görə, Diomandenin “Leqanes”dən “Leypsiq”ə keçidini “Maxidel Management” həyata keçirib. Futbolçunun “Real”la danışıqları isə onun yeni nümayəndəsi “Roc Nation” şirkəti tərəfindən aparılıb. Keçmiş agent transfer komissiyası ilə bağlı hüquqlarının pozulduğunu bildirir.
Məsələ FIFA-nın araşdırmasına verildiyi üçün transferin beynəlxalq qeydiyyat sənədinin rəsmiləşdirilməsi gecikə bilər. FIFA araşdırma müddətində futbolçuya müvəqqəti qeydiyyat icazəsi verə, keçidi təxirə sala və ciddi qayda pozuntusu müəyyənləşərsə, transferin sistemdə təsdiqlənməsinə icazə verməyə bilər.
“Real” və “Leypsiq” arasında təxminən 120 milyon avroluq (232 milyon AZN) transfer üzrə razılığın əldə olunduğu bildirilir. 19 yaşlı futbolçunun Madrid təmsilçisi ilə 2031-ci ilin yayınadək müqavilə bağlaması nəzərdə tutulur.
