Niderland millisinin və PSV futbol komandasının yarımmüdafiəçisi Coi Verman "AZ Alkmaar" ilə İohan Kroyff Superkuboku matçının doqquzuncu dəqiqəsində qırmızı vərəqə alıb.
İdman.Biz “Sportnieuws”a istinadən xəbər verir ki, Verman meydanın mərkəzində top uğrunda mübarizə zamanı ayağı ilə rəqib hücumçu Meks Merdinkin sifətinə zərbə endirib. Baş hakim əvvəlcə oyunu davam etdirsə də, VAR-ın müdaxiləsindən sonra epizoda yenidən baxaraq futbolçunu meydandan qovub.
Merdink üzündən xəsarət alsa da, oyunu davam etdirib və 25-ci dəqiqədə hesabı açıb. İkinci hissədə Uesli Patati, Elayca Deykstra və Ro-Zancelo Daal da fərqləniblər.
"AZ Alkmaar" qarşılaşmanı 4:0 hesabı ilə qazanaraq tarixində ikinci dəfə İohan Kroyff Superkubokuna sahib çıxıb. Komanda bu mükafatı daha əvvəl 2009-cu ildə əldə edib.
