2026-cı il futbol üzrə dünya çempionatı milli komandaların baş məşqçilərinin tarixi iyerarxiyasını dəyişdi. Luis de la Fuente İspaniya millisini dünya çempionu etdi, Lionel Skaloni Argentinanı ardıcıl ikinci dəfə mundialın finalına çıxardı, Didye Deşam isə Fransa millisindəki fəaliyyətini dünya çempionatları tarixində ən çox qələbə qazanan baş məşqçi kimi başa vurdu.
İdman.Biz dünya və qitə çempionatlarındakı nəticələr, futbolun inkişafına təsir, uğurların davamlılığı və məşqçilərin görkəmli futbolçuların formalaşmasındakı rolu nəzərə alınmaqla tarixin ən görkəmli 10 milli komanda baş məşqçisinin reytinqini hazırlamağa çalışıb.
10. Luis de la Fuente – İspaniya
DÇ-də qələbələr: 8 oyunda 7 qələbə
Əsas nailiyyətləri: DÇ-2026-nın qalibi, AVRO-2024-ün qalibi, Millətlər Liqasının (2023) qalibi
De la Fuente DÇ-2026-nın finalında Argentinaya qalib gələrək İspaniyanın tarixi dövrünü möhtəşəm şəkildə tamamladı və Millətlər Liqası, Avropa çempionatı və dünya çempionatından ibarət treblə(eyni dövr ərzində üç böyük titul qazanmaq – red) imza atdı. Əsas milliyə təyin olunmazdan əvvəl uzun illər ölkənin aşağı yaş qruplarında çalışıb. Onun rəhbərliyi altında Rodri, Lamin Yamal, Pedri, Niko Uilyams, Pau Kubarsi və Unai Simon yeni nəslin liderlərinə çevriliblər.
9. Visente del Boske – İspaniya
DÇ-də qələbələr: 10 oyunda 7 qələbə
Əsas nailiyyətləri: DÇ-2010-un qalibi, AVRO-2012-nin qalibi
Del Boske Luis Araqonesin formalaşdırdığı oyun üslubunu qoruyaraq İspaniyanı tarixində ilk dəfə dünya çempionu etdi, iki il sonra isə Avropa çempionu titulunu qorudu. O, “Barselona” və “Real” futbolçularını bir komanda halında birləşdirərək Xavi, Andres İnyesta, Serxio Buskets, İker Kasilyas, David Vilya, Karles Puyol və Serxio Ramosun ətrafında güclü kollektiv qurdu.
8. Yoahim Löv – Almaniya
DÇ-də qələbələr: 17 oyunda 12 qələbə
Əsas nailiyyətləri: DÇ-2014-ün qalibi, DÇ-2010-un bürünc mükafatçısı, Konfederasiyalar Kubokunun (2017) qalibi
Löhv Almaniya futbolundakı islahatları davam etdirərək millini daha texnikalı, çevik və topa nəzarət edən komandaya çevirdi. 2014-cü ildə Almaniya Cənubi Amerikada dünya çempionu olan ilk Avropa millisi kimi tarixə düşdü. Həmin dövrün əsas simaları Manuel Noyer, Filipp Lam, Bastian Şvaynştayger, Toni Kroos, Tomas Müller və o vaxt dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan Miroslav Kloze idi.
7. Frans Bekkenbauer – AFR
DÇ-də qələbələr: 14 oyunda 8 qələbə
Əsas nailiyyətləri: DÇ-1990-ın qalibi, DÇ-1986-nın finalçısı
Bekkenbauer AFR millisini ardıcıl iki dəfə dünya çempionatının finalına çıxardı. Almanlar 1986-cı ildə Argentinaya uduzsalar da, dörd il sonra revanş alaraq dünya çempionu oldular. “Kayzer” Mario Zaqallodan sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan ikinci şəxs oldu. Onun komandasının liderləri Lotar Matteus, Andreas Breme, Yurgen Klinsmann, Rudi Föller və Yurgen Köler idi.
6. Lionel Skaloni – Argentina
DÇ-də qələbələr: 15 oyunda 11 qələbə
Əsas nailiyyətləri: DÇ-2022-nin qalibi, DÇ-2026-nın finalçısı, Amerika Kubokunun (2021, 2024) qalibi, Finalissimanın (2022) qalibi
Skaloninin təyinatı əvvəlcə müvəqqəti qərar hesab olunurdu. Lakin o, taktiki çevikliyi və komandanı rəqibə uyğunlaşdırmaq bacarığı sayəsində Argentina tarixinin ən uğurlu dövrlərindən birini yaratdı. Onun rəhbərliyi altında Lionel Messi bütün əsas beynəlxalq titulları qazandı. Emiliano Martines, Rodriqo De Paul, Aleksis Makallister, Xulian Alvares və Lautaro Martines isə komandanın aparıcı simalarına çevrildilər.
5. Rinus Mixels – Niderland
DÇ-də qələbələr: 7 oyunda 5 qələbə
Əsas nailiyyətləri: DÇ-1974-ün finalçısı, AVRO-1988-in qalibi
Mixels dünya çempionu olmasa da, 1974-cü il Niderland millisi mövqelərin qarşılıqlı dəyişməsi, kollektiv pressinq və daimi hərəkət hesabına futbolu dəyişdi. “Total futbol”un əsas siması Yohan Kroyf idi. 1988-ci ildə isə Mixels Rud Qullit, Marko van Basten və Frank Raykaard nəslini Avropa çempionu edərək müasir mövqeli futbolun inkişafına böyük təsir göstərdi.
4. Mario Zaqallo – Braziliya
DÇ-də qələbələr: 20 oyunda 13 qələbə
Əsas nailiyyətləri: DÇ-1970-in qalibi, DÇ-1998-in finalçısı, DÇ-1974-də dördüncü yer
Zaqallo 1958 və 1962-ci illərdə futbolçu kimi dünya çempionu oldu, 1970-ci ildə Braziliyanı baş məşqçi kimi çempion etdi, 1994-cü ildə isə çempion komandanın məşqçilər korpusunda yer aldı. O, Pele, Jerson, Rivelino, Jairzinyo və Tostaonu eyni sistemdə birləşdirdi, 28 il sonra isə Ronaldo, Rivaldo, Bebeto, Roberto Karlos və Kafudan ibarət komandanı dünya çempionatının finalına çıxardı.
3. Helmut Şön – AFR
DÇ-də qələbələr: 25 oyunda 16 qələbə
Əsas nailiyyətləri: DÇ-1974-ün qalibi, DÇ-1966-nın finalçısı, DÇ-1970-in bürünc mükafatçısı, AVRO-1972-nin qalibi
Şön dünya çempionatlarında rekord sayda – 25 oyun keçirib və mundialı üç dəfə ilk üçlükdə başa vuran yeganə baş məşqçidir. O, alman nizam-intizamını kombinasiyalı futbolla birləşdirərək Frans Bekkenbauer, Gerd Müller, Zepp Mayer, Paul Braytner, Volfaqn Overat və Günter Netser ətrafında dövrünün ən güclü komandalarından birini qurdu.
2. Didye Deşam – Fransa
DÇ-də qələbələr: 26 oyunda 19 qələbə
Əsas nailiyyətləri: DÇ-2018-in qalibi, DÇ-2022-nin finalçısı, DÇ-2026-da dördüncü yer, Millətlər Liqasının (2021) qalibi
Deşam Fransa millisindəki fəaliyyətini dünya çempionatları tarixində ən çox qələbə qazanan baş məşqçi kimi başa vurdu. O, komandasını ardıcıl üç mundialda yarımfinala çıxardı. Praqmatik yanaşması, taktiki çevikliyi və ulduz futbolçularla işləmək bacarığı ilə seçilən mütəxəssisin rəhbərliyi altında Kilian Mbappe, Antuan Qrizmann, Pol Poqba, N'Qolo Kante, Rafael Varan, Orelien Çuameni və Eduardo Kamavinqa millinin aparıcı simalarına çevrildilər.
1. Vittorio Potso – İtaliya
DÇ-də qələbələr: 9 oyunda 8 qələbə
Əsas nailiyyətləri: DÇ-1934 və DÇ-1938-in qalibi, Olimpiya çempionu (1936)
Poçzo dünya çempionatını iki dəfə qazanan yeganə baş məşqçi olaraq qalır. Onun rəhbərliyi altında İtaliya ardıcıl iki dəfə dünya çempionu oldu, səkkiz qələbə və bir heç-heçə ilə iki Kuboku qazandı, mundiallar arasında isə Olimpiya Oyunlarının qalibi oldu. O, “metodo” sistemini inkişaf etdirərək yarımmüdafiə xəttini gücləndirdi və komandanın balansını artırdı. Həmin kollektivin əsas ulduzları Cüzeppe Meatsa, Silvio Piola, Ancelo Skyavio və Covanni Ferrari idi.
İlk onluğa düşməyənlər
Reytinqə dünya çempionu olmuş və futbol tarixində böyük iz qoymuş bir sıra məşqçilər daxil edilməyib. Onların arasında Luis Felipe Skolari, Karlos Alberto Parreyra, Enso Bearzot, Sezar Luis Menotti, Karlos Bilardo, Marçello Lippi, Zepp Herberger, Eme Jake və Alf Remzi yer alırlar.
Skolari dünya çempionatlarındakı qələbələrin sayına görə reytinqdəki bir çox məşqçini qabaqlayır. Menotti və Bilardo Argentinanı tam fərqli futbol fəlsəfələri ilə dünya çempionu ediblər, Bearzot isə 1982-ci ilin çempion İtaliya millisinin memarı olub. Lakin titulların ümumi sayı, sabit nəticələr, futbolun inkişafına təsir və bir neçə nəsil ulduz futbolçu ilə işləmək baxımından ilk onluq məhz bu formada görünə bilər.
