Ümummilli Liderin xatirəsinə həsr olunan minifutbol turnirinə yekun vurulub

20 İyul 2026 21:03
570
Ümummilli Liderin xatirəsinə həsr olunan minifutbol turnirinə yekun vurulub

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Azərbaycan Minifutbol Federasiyasının dəstəyi və “Fire League”in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinə yekun vurulub.

İdman.Biz İZİA-ya istinadən bildirir ki, qurumun idarəçiliyində olan Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən 10 rezident müəssisənin komandalarının iştirak etdiyi turnirə mayın 16-da start verilib. İki ay davam edən yarışın final oyunları və mükafatlandırma mərasimi keçirilib.

Üçüncü yer uğrunda keçirilən görüşdə STP və “Azertexnolayn PBZ” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Azertexnolayn PBZ” komandası turnirin bürünc mükafatçısı olub.

Final oyununda isə “Assan STP Panel” və “Azerfloat” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Azerfloat” komandası 7:5 hesablı qələbə ilə turnirin qalibi adına layiq görülüb.

Final oyunundan sonra keçirilən mükafatlandırma mərasimində İZİA İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qalibləri və bütün iştirakçıları təbrik edib. O, bu cür idman yarışlarının kollektivlər arasında həmrəyliyin, əməkdaşlığın və sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra qaliblərə kubok, medal və diplomlar, fərqlənən iştirakçılara isə fərdi mükafatlar təqdim olunub. Turnirin ən yaxşı qapıçısı nominasiyası üzrə Azər Mirzəyev (“Assan STP Panel”), ən yaxşı oyunçu nominasiyası üzrə Nicat Məmmədov (“Azerfloat”), ən məhsuldar oyunçu nominasiyası üzrə isə Kənan Abdurrəhimov (“Azertexnolayn TAZ”) mükafatlandırılıblar.

İdman.Biz