Azərbaycanda oynamış belaruslu futbolçu: “Neftçi” müdafiədə oturub rəqibi gözləməyəcək”

20 İyul 2026 18:14
371
Azərbaycanda oynamış belaruslu futbolçu: “Neftçi” müdafiədə oturub rəqibi gözləməyəcək”

“Dinamo” ilə oyunlarda “Neftçi”nin şanslarını daha yüksək qiymətləndirirəm”.

Bu sözləri vaxtilə Azərbaycanda oynamış “Dinamo”nun (Minsk) sabiq qapıçısı Andrey Sinenko keçmiş komandasının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunları dəyərləndirərkən deyib.

Ötən mövsüm “İmişli”nin formasını geyinmiş qolkiper Minsk təmsilçisinin iddialı klub olduğunu vurğulayıb.

“Mən vaxtilə “Dinamo”da çıxış etmişəm və hazırda orada oynayan futbolçularla dostluq münasibətlərim davam edir. “Dinamo” böyük tarixə, ciddi hədəflərə malik iddialı komandadır. Əminəm ki, onların qarşısına növbəti mərhələyə yüksəlmək tapşırığı qoyulacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Sinenko bütün bunlara baxmayaraq, qarşılaşmada Bakı klubunu favorit hesab etdiyini bildirib:

“Neftçi” ötən mövsümün sonunda çox keyfiyyətli, intizamlı və sürətli futbol nümayiş etdirdi. Komandanın heyətində çoxlu sayda yaxşı legioner və güclü yerli oyunçu var ki, onların da əksəriyyəti böyük təcrübəyə malikdir. Baş məşqçi komandanı bir yumruq kimi birləşdirməyi bacarıb və onlar yaxşı oyun sərgiləyirlər. “Dinamo”da isə hazırda legionerlər azdır və onlar daha çox yerli gənc futbolçulara güvənirlər. Bu səbəbdən düşünürəm ki, “Neftçi” müdafiədə oturub rəqibin hücum etməsini gözləməyəcək, ilk dəqiqələrdən özü irəli atılıb qol vurmağa çalışacaq”.

Bakıdakı azarkeş amilinə də toxunan belaruslu qapıçı matçın gərgin keçəcəyini qeyd edib:

“Neftçi”nin ev oyununda stadionun tamamilə dolacağını düşünürəm. Yerli azarkeşlərin möhtəşəm dəstəyi fonunda “Dinamo” üçün çox çətin bir qarşılaşma olacaq. Hər iki komandaya uğurlar arzulayıram, qoy, güclü olan qazansın”.

Qeyd edək ki, “Neftçi” “Dinamo” ilə ilk oyununu iyulun 23-də Bakıda, cavab görüşünü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçirəcək.

UEFA-nın qərarına əsasən, Belarus klubları avrokuboklarda rəqiblərini başqa ölkələrdə qəbul edirlər.

İdman.Biz