DÇ-2026-dan sonra “Qızıl top” yarışında yeni favorit - İLK BEŞLİK

20 İyul 2026 08:48
366
DÇ-2026-dan sonra “Qızıl top” yarışında yeni favorit - İLK BEŞLİK

Futbol üzrə DÇ-2026-nın başa çatmasından sonra 2026-cı ilin “Qızıl top” mükafatı uğrunda mübarizədə qüvvələr nisbəti dəyişib.

İdman.Biz xəbər verir ki, İspaniyanın dünya çempionu olması və Argentina üzərində final qələbəsi İspaniya millisinin futbolçularını əsas favoritlər sırasına yüksəldib. Turnirin nəticələri, mövsüm ərzində qazanılan titullar və fərdi göstəricilər nəzərə alınmaqla hazırlanan qeyri-rəsmi reytinqə Rodri başçılıq edir.

İlk beşlik belədir:

1. Rodri - “Mançester Siti”, İspaniya

İspaniya millisinin kapitanı DÇ-2026-nın ən yaxşı futbolçusu seçilib. Rodrinin dünya çempionluğu və İspaniyanın oyun sistemindəki həlledici rolu onu “Qızıl top”un əsas favoritinə çevirib. Finalda da yarımmüdafiəçinin oyuna nəzarəti yüksək qiymətləndirilib.

2. Lamin Yamal - “Barselona”, İspaniya

Gənc hücumçu İspaniya ilə dünya çempionu olmaqla yanaşı, klub mövsümündə də yüksək nəticələr göstərib. O, La Liqa və İspaniya Superkubokunu qazanıb. Mövsümdə 26 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Lamin Yamalın DÇ-2026-nın həlledici mərhələlərindəki çıxışı onun ilk “Qızıl top”unu qazanmaq şansını artırıb.

3. Lionel Messi - “İnter Mayami”, Argentina

Argentina millisinin kapitanı komandasını dünya çempionatının finalına qədər aparıb. Messi mundialda səkkiz qol vuraraq turnirin ən məhsuldar futbolçularından biri olub. MLS çempionluğu var. Mövsümdə 44 qol və 30 assistə sahibdir. Lakin finaldakı təsirsiz çıxış və Argentinanın məğlubiyyəti onun reytinqdə geriləməsinə səbəb olub.

4. Harri Keyn - “Bavariya”, İngiltərə

Harri Keyn klub mövsümündəki məhsuldarlığı və İngiltərə ilə DÇ-2026-da bürünc medal qazanması sayəsində ilk beşlikdə yer alıb. Hücumçunun əsas üstünlüyü mövsüm ərzində sabit və yüksək səviyyəli çıxışıdır.

5. Kilian Mbappe - “Real Madrid”, Fransa

Fransa millisinin hücumçusu DÇ-2026-nı 10 qolla bombardir kimi başa vurub. “Qızıl buts”u qazanan Mbappenin fərdi göstəriciləri yüksək olsa da, Fransa millisinin finala yüksələ bilməməsi və mövsümü əsas komanda titulları olmadan başa vurması onun şansına mənfi təsir göstərib.

Qeyd edək ki, bu sıralama rəsmi deyil və futbolçuların DÇ-2026-dakı çıxışları nəzərə alınmaqla hazırlanıb. “Qızıl top”un 70-ci təqdimetmə mərasimi 26 oktyabrda Londonda keçiriləcək.

İdman.Biz