Alvares “Atletiko”ya qayıtmaqdan imtina edib

19 İyul 2026 20:21
412
Alvares “Atletiko”ya qayıtmaqdan imtina edib

İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares klub rəhbərliyindən onun transferinə razılıq verilməsini tələb edir.

İdman.Biz xəbər verir ki, Argentina millisinin üzvü satılmayacağı təqdirdə dünya çempionatından sonra Madrid təmsilçisinin düşərgəsinə qayıtmaq niyyətində deyil. Bu barədə İspaniya mətbuatında məlumat yayılıb.

Bildirilir ki, Alvares “Atletiko”nun DÇ-2026-nın finalına 48 saat qalmış onun gələcəyi ilə bağlı yaydığı videodan narazı qalıb. Klubun baş direktoru Migel Anxel Xil Marin həmin açıqlamada hücumçunu 100, 150, hətta 200 milyon avro qarşılığında satmayacaqlarını bildirib.

ESPN jurnalisti Leo Paradizonun məlumatına görə, futbolçunun yaxın ətrafında klubun açıqlamasının vaxtı və məzmunu ciddi narazılıq yaradıb. Alvaresin tərəfi videonun dünya çempionatının finalına iki gün qalmış yayımlanmasını xoşagəlməz addım kimi qiymətləndirir.

Mənbə tərəflər arasındakı münasibətlərin əvvəlkindən daha pis vəziyyətə düşdüyünü və yaranmış problemin həllinin çətin göründüyünü qeyd edib.

Alvares daha əvvəl klub rəhbərliyi ilə danışdığını və karyerasını başqa komandada davam etdirmək istədiyini açıq şəkildə bildirmişdi:

“Klubda danışmalı olduğum insanlarla söhbət etmişəm. Düşünürəm ki, transfer hamı üçün ən yaxşı variantdır. Arzumu həyata keçirmək istəyirəm”.

“Atletiko” isə hücumçunu satmaq niyyətində olmadığını və onun müqavilə öhdəliklərini yerinə yetirərək komandaya qayıtmasını gözlədiyini açıqlayıb. Alvaresin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

İdman.Biz