Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci oyunu ilə bağlı gözləntilərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, məşqçi Azərbaycan klubunun gücünü etiraf etsə də, komandasının evdə daha aktiv olmaq niyyətində olduğunu bildirib.
“Sabah” çox yaxşı komandadır. Onlar Çempionlar Liqasında yaxşı çıxış edən “Qarabağ”la rəqabət aparırlar. Əgər “Sabah” onlara qarşı belə nəticələr göstərirsə, onları zəif adlandırmaq olmaz. Rəqibin çox yüksək keyfiyyətli oyunçuları və təcrübəli baş məşqçisi var”, - Harrison oyunöncəsi mətbuat konfransında deyib.
Uelsli məşqçi qeyd edib ki, Bakıdakı məğlubiyyətə baxmayaraq, oyunçularının təşkilatçılığından, fədakarlığından və xarakterindən məmnundur.
“Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik. Bu dəfə rəqibin topa o qədər də sahib olmayacağını gözləyirəm. Lakin, “Sabah” oyunu idarə etməyi sevir, ona görə də müəyyən bir üstünlüyə sahib ola bilərlər”, - deyə məşqçi əlavə edib.
Harrisonun sözlərinə görə, cavab oyununda TNS topu daha tez-tez saxlamağa, qol imkanları yaratmağa və Bakı komandasının müdafiəsinə təzyiq göstərməyə çalışacaq.
“Bu dəfə planımız fərqli olacaq. Daha çox topa sahib olmaq və fürsətlər yaratmaq istəyirik. Topa sahib olmaq vacibdir, amma nəticədə qapıya zərbələr hər şeyi həll edir. Evdə daha çox hücum etməyi və rəqiblərimizi təzyiq altında saxlamağı planlaşdırırıq. Əvvəlcə qol vursaq, hər şey dəyişəcək”, - deyə məşqçi vurğulayıb.
Harrison həmçinin “Park Hall” stadionunun süni örtüyünün komandası üçün üstünlük olacağını gözləyir.
“Avropada süni örtüklü meydançalar çox deyil. Biz burada hər gün məşq edirik və oynayırıq. Topun quru və ya yağışlı havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Oyunçularımız burada özlərini rahat hiss edirlər. Biz evdə həqiqətən təhlükəli rəqibik”, - deyə o qeyd edib.
“Sabah” ilk oyunda 2:0 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, Harrison bir qolun matçın gedişatını tamamilə dəyişdirə biləcəyinə inanır.
“Evdə oynayırıq və iki qol geridəyik. Əvvəlcə qol vurmalıyıq. Bu, ilk dəqiqədə və ya 80-ci dəqiqədə baş verə bilər. Əgər 80 dəqiqə ərzində qol vura bilsək, matç, demək olar ki, yenidən başlayacaq. Əsas məqsədimiz budur”, - deyə mütəxəssis yekunlaşdırıb.
Xatırladaq ki, cavab görüşü iyulun 14-də “Park Hall” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
